YAP Nərimanov rayon təşkilatının təşəbbüsü ilə Bakı Sosial Pedaqoji Kollecində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi qeyd edilib
Dünən Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının təşəbbüsü ilə Bakı Sosial Pedaqoji Kollecində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Vaqif Əmiraslanov bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qorunub saxlanılmasında, ölkəmizin dünya dövlətləri arasında layiqli yer tutmasında müstəsna xidmətlər göstərib. V.Əmiraslanov onu da vurğuladı ki, hakimiyyətdə olduğu bütün dövrlərdə Ulu Öndər Heydər Əliyev təhsilə xüsusi qayğı göstərmişdir: "Ulu Öndər demişdir: Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır. Vurğulamaq lazımdır ki, tariximizin böyük himayədarı Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra müstəqil respublikamızda, Azərbaycan cəmiyyətində müəllimin nüfuzu daha da artdı, müəllimlik peşəsinə ən yüksək qiymət verildi, məktəblərin maddi -texniki bazası ilbəil yaxşılaşdı. Ulu Öndər Heydər Əliyevin titanik səyi nəticəsində təhsilin humanistləşdirilməsinə pedaqoji təfəkkürün inkişafına, eləcə də, təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, fərdiləşdirilməsi və diferensiallaşdırılması və uşaq hüquqlarının təcrübədə tətbiqinə xüsusi önəm verildi".
Tədbirdə kollecin müəllimlərindən Səlimə Qasımova, Emin Əliyev, Rasim Rzaxanov, Rəhim Rüstəmov və başqaları çıxış edərək bildirdilər ki, həm sovetlər hakimiyyəti, həm də müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət edib. Çıxış edənlər vurğuladılar ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Toplantıda çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Ulu Öndər Heydər Əliyevin doğum gününün milli bayram səviyyəsində qeyd olunduğunu bildirdi. O qeyd etdi ki, Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın inkişafı üçün çalışıb: " Ümummilli Liderimiz Heydər Əliyev öz uzaqgörənliyi və qətiyyəti sayəsində ölkəmizin daxili və xarici uğurlarının təminatına imkan yaradıb. Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınını, onun fəaliyyətini, cəmiyyətdəki rolunu həmişə yüksək qiymətləndirirdi. Azərbaycan qadını özünün ictimai-siyasi fəallığı, sədaqəti, ailəyə bağlılığı və fədakarlığı sayəsində bütün Şərq və Qərb dünyası üçün unikal inkişaf yolu keçib. Ölkəmizdə dövlət-qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi və dövlət siyasəti səviyyəsinə yüksəldilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. "O deyirdi ki, "Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət, həyat ola bilməz. Azərbaycan qadınları öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə, dünya qadınları içərisində özünəməxsus yer tutur. Ona görə də, biz qadınlarımızla fəxr edirik".
T.Tağıyev onu da çıxışında vurğuladı ki, Ulu Öndər Heydər Əliyev ideyalarına söykənən Azərbaycan bu gün sürətlə inkişaf edir: "Son illər Azərbaycanın bütün sahələrdə böyük inkişaf yolu keçməsi, dünyada iqtisadi artımın sürətinə görə liderliyi ələ alması Prezident İlham Əliyevin səyləri, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin ideyalarının uğurla həyata keçməsi ilə əlaqədardır. Biz Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək, bu gün ölkəmizin inkişafı istiqamətində görülən işlərə öz dəstəyimizi verməliyik".
Sonda YAP sıralarına qoşulmuş şəxslərə partiya vəsiqələri təqdim olundu.
R.HÜSEYNOVA