PDF Oxu

Siyasət

  • 28

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) tərtib etdiyi tədbirlər planı çərçivəsində mayın 1-də ASC-də tədbir keçirilmişdir.

"Azərsu" ASC-nin kollektivi əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ASC-də keçirilən iclas Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışmış, Ulu Öndərin dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsində misilsiz fəaliyyətindən bəhs etmişdir.

Q.Hüseynov bildirmişdir ki, böyük və mənalı ömrünü xalqına həsr etmiş Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə böyük nailiyyətlər əldə olunmuş, iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Əhalinin içməli su təchizatının yaxşılaşdırılmasını sosial siyasətin prioritet sahələrindən biri hesab edən Ümummilli Lider respublika miqyasında su təchizatı və kanalizasiya sistemlərinin müasir dövrün tələblərinə uyğun qurulması ilə bağlı böyük layihələrin müəllifi olmuşdur.

Diqqətə çatdırılmışdır ki, ümummilli lider Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəldiyi vaxtdan həm Abşeron yarımadasının, həm də bölgələrin su təchizatının yeni salnaməsi yazılmışdır. Ötən əsrin 70-ci illərində Bakı şəhərinin içməli suya artan tələbatı Ulu Öndərin rəhbərliyi ilə Kür və Ceyranbatan su kəmərlərinin tikintisi sayəsində həll edilmişdir. "Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi"nin həyata keçirilməsi üçün beynəlxalq maliyyə təşkilatlarından irihəcmli güzəştli kreditlərin alınmasında Ulu Öndərin şəxsiyyəti həlledici rol oynamışdır. Bakı şəhərinin su ilə təminatının yüksəldilməsinə səbəb olan Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı təşəbbüsün müəllifi də ümummilli lider Heydər Əliyev olmuşdur.

Azərbaycanda su təchizatı və kanalizasiya infrastrukturunun yaradılması istiqamətində Ulu Öndərin başladığı işlərin bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Qorxmaz Hüseynov, hazırda dövlətimizin başçısının rəhbərliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin ölkənin regionlarında su və kanalizasiya layihələrinin uğurla icra olunduğunu bildirmişdir.

Bakı Dövlət Universitetinin rektoru, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov dahi şəxsiyyət Heydər Əliyevin ölkə və xalq qarşısında əvəzsiz xidmətlərindən danışmış, ölkəmizin bugünkü inkişafının təməlinin Ulu Öndər tərəfindən qoyulduğunu qeyd etmişdir.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov demişdir ki, görkəmli şəxsiyyət Heydər Əliyev daim xalqını və Vətənini düşünmüş, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqımızın xoşbəxt gələcəyi naminə çalışmışdır.

Ümummilli lider Heydər Əliyevin SSRİ kimi nəhəng bir dövlətdə rəhbər vəzifəyə təyin edilməsinin həmin dövrdə bütün türk dünyasında sevinc və qürur hissi doğurduğunu söyləyən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov vurğulamışdır ki, müasir Azərbaycan dövlətinin banisi və qurucusu olan ulu öndər Heydər Əliyev ölməz şəxsiyyəti və möhtəşəm dövlətçilik fəaliyyəti ilə tarixdə özünəməxsus yer tutur. O, müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, xalqımızın müstəqillik arzusunun həyata keçməsinə nail olmaqla yanaşı, həm də türkdilli xalqlar arasında birlik və həmrəylik uğrunda qətiyyətli və ardıcıl mübarizə aparmışdır.

Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə su təsərrüfatında çalışmış, Ulu Öndərin iştirak etdiyi tədbirlərin canlı şahidi olmuş "Azərsu" ASC sədrinin baş müşaviri Telman Ağayev xatirələrini danışmış və dahi şəxsiyyətin həyat və fəaliyyətinin gənc nəsil üçün əsl örnək olduğunu söyləmişdir.

AzərTAc

Digər xəbərlər