KIVDF, Milli Televiziya və Radio Şurası və Azərbaycan Mətbuat Şurası tərəfindən Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş seminar çərçivəsində bu gün "Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr" mövzusunda tədbir keçirilir.
Trend-in məlumatına görə, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin açılışında Ümumdünya Mətbuat Azadlığı Gününün tarixi barədə məlumat verib.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirdə çıxışı zamanı bildirib ki, Azərbaycanda 20 illik müstəqillik illərində bir neçə sahədə inkişafın bünövrəsi qoyulub ki, bunlardan biri də cəmiyyətdə informasiya azadlığının təminatıdır.
Azərbaycanda media azadlığının təminatı barədə danışan Əli Həsənov bildirib ki, ölkədə senzuranın ümummilli lider Heydər Əliyev tərəfindən ləğv olması Azərbaycan mediasının gələcək inkişafının əsasını qoyub.
"Senzura "buzu" əriyəndən sonra mətbuatla cəmiyyət üz-üzə qaldı. Mediada hər kəs savadlı, etik normalara uyğun jurnalist deyil və bununla bağlı bir çox məhkəmə çəkişmələri oldu. Getdikcə bu məsələlər öz axarına düşdü. Azərbaycan hakimiyyətinin iradəsində azad media, söz azadlığını formalaşdırmaq durub. Azərbaycanda heç bir jurnalist deyə bilməz ki, istədiyi hadisə barədə məlumat yığıb, onu yaymaqda qadağalar qoyulub. Bütün şəxslər jurnalis fəaliyyəti ilə məşğul ola bilər, onlara məhdudiyyətlər qoyanlar qarşılarında dövləti görəcəklər", -Əli Həsənov deyib.
yap.org.az