Dünən YAP Gənclər Birliyinin Mərkəzi Ofisində professor Fuad Məmmədovla gənclərin görüşü keçirilib. Onlarla gəncin iştirak etdiyi görüşdə professor F. Məmmədov idarəçilik mədəniyyəti haqqında geniş çıxış edib. O, ilk olaraq, gənclərlə görüşdən məmnunluq hissi keçirdiyini və bu cür görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb.
F.Məmmədov mədəni insan amilindən danışaraq bunun müxtəlif komponentləri haqqında məlumat verib. İnsan bilik, bacarıq, mütəşəkkillik və yaradıcılıq kimi ümdə xüsusiyyətlərə yiyələnməlidir: "Bunların hər hansı biri olmasa, ortaya yaxşı məhsul qoymaq olmaz. Ola bilər ki, insanda bilik, bacarıq olsun. Amma mütəşəkkillik yoxdursa, o bilik və bacarıq faydasız olacaq."
F. Məmmədov elmin həyatımızda oynadığı əvəzolunmaz rolundan danışaraq bildirib ki, dövlət başçısı İlham Əliyevin irəli sürdüyü "insan kapitalı"nı inkişaf etdirməli, bu yöndə hər kəs öhdəsinə düşəni etməlidir. O dünyanın qabaqcıl ölkələrindən də nümunə gətirərək qeyd edib ki, bütün nailiyyətlər intellektual biliklər, yüksək mədəniyyət hesabına əldə olunmuşdur. Azərbaycanın da yüksək templə inkişaf etdiyini bildirən F. Məmmədov vurğulayıb ki, biz mədəniyyətimizi qorumalıyıq, inkişaf etdirməliyik. Ulu Öndər Heydər Əliyevin mədəniyyət haqqında fikirlərinə toxunan professor onu da bildirib ki, hər şeyə yüksək sevgi, əzmkarlıq və böyük iradə ilə yanaşmaq lazımdır.
Samir Feyruzov