Belə görünür ki, Qarabağ üçün ən böyük düyün elə ATƏT deyilən yararsız qurumun Minsk Qrupudur. 20 ildən çoxdur ki, Qafqaz yolunu su arxına döndərən bu mənasız və əttökən qurum üzəvləri hər dəfə sərsəm bəyanatları və hər bir azərbaycanlını qıcıqlandıran, bizlərə acıq verirmiş kimi ermənipərəst fikirlər səsləndirmələri ilə yadda qalırlar. Əslində bu "böyük oyunun" bizə görünən tərəfidir.
Qarabağı azərbaycanlılara unutdurmaq istəyən Avropadakı və regiondakı bir çox qüvvələr vasitəçilk missiyasını, evindəki arvad-uşağından başqa heç kimin tanımadığı yararsız "diplomatlara" tapşırmaqla bizə mesaj göndərməyə, necə deyərlər, "him - cim" etməyə çalışırlar. Düz 21 ildir ki, minlərlə azərbaycanlının tökülən qanları, diri-diri bağrı yarılaraq yandırılan körpə uşaqların ah-naləsi üzərində özlərinə komfort həyat şəraiti yaradan, hər səfərində Yerevanda "yaxşıca" bəslənərək Avropaya yollanan ATƏT-in Minsk Qrupu deyilən "troyka", hər dəfə bir yalan uydurub başımızı qatır. Ən maraqlısı bilirsiniz nədir? Bir balaca bunları sıxan kimi, əsil iyrənc sifətləri ortaya çıxır.
Dərinə gedib bu diplomatik avaraların nə işlə məşğul olduğunu soruşanda, ya da bunların ermənipərəst sifətlərini üzlərinə deyəndə, həyasızcasına bozararaq, əsil missiyalarını ortaya qoyurlar. Azərbaycan mətbuatında Qarabağın müharibə yolu ilə qaytarılması barədə yazılar gedən kimi, bunlar ermənilərin kəbinsiz "vəkilləri" kimi ortaya düşüb, bizə hədə-qorxu gəlməyə, az qala Qarabağın erməni torpağı olması barədə "ağıl verməyə" qalxırlar. İçlərindəki erməni sevgisi özünü göstərməlidir axı...
İndi də baş qatmaq üçün xarici işlər nazirlərinin görüşünü keçirmək, sonra özləri də Paris restoranlarının birində bir araya gəlib cızmaqara məlumat yaydıqdan sonra əməllicə yeyib-içməklə məşğuldurlar. Artıq bu vərdişə o dərəcədə öyrəşiblər ki, bunu heç gizlətmirlər də.
ATƏT-in Minsk Qrupunun başqa və əsas missiyası bilirsiniz nədir? Qarabağı hər bir azərbaycanlıya unutdurmaq siyasəti. Bunun üçün demək olar ki, bu adamlar erməni KİV-indən daha fəal və radikal informasiya müharibəsi aparırlar. Özü də çəkinib-eləmədən. Guya bunlar "sülh missiyası" olduqları üçün Qarabağ məsələsini birdəfəlik "çürütmək", azərbaycanlıları Qarabağsızlığa öyrəşdirmək və bunun üçün təbliğat maşınını geninə-boluna sərf etmək üçün bütün imkanları işə salırlar. ATƏT-in Minsk Qrupu açıq şəkildə erməni sevgisi ilə Qarabağ məsələsində Ermənistanın ən radikal rəsmilərini kölgədə buraxırlar. Ermənistandan gələndən sonra bu adamların açıqlamaları, əsil simalarını və gizli "missiyalarını" açıqca ortaya qoyur. Bakıda özlərini erməni "fanatı" kimi təqdim edən Minsk Qrupundakı həmsədrlər, diletant diplomat olduqlarını elə ilk dəqiqdəcə ortaya qoyurlar. Bunlar guya pərdələnmiş şəkildə erməni təbliğatı aparırlar. Amma evdəki arvadlarından başqa heç kimin tanımadığı bu adamlar özləri də bilmədən əsil pərdələrini həvəskar aktyor kimi hamıya açırlar. Bunlar heç kimə lazım olmasalar da, Qarabağı bizə unutdurmaq üçün ermənilərə çox lazımdırlar...
Mətləb