PDF Oxu

Siyasət

  • 4

Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər

Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər

Prezident İlham Əliyev: "Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcəkdir"

Bildiyimiz kimi, məmur-vətəndaş münasibətləri dünyanın bir çox ölkələrində müəyyən mənada tənqidə tuş gələn və aktuallığını qoruyan aparıcı mövzulardandır. Çünki, bu faktor insanların həyatına təsir edir, insanların problemlərinin həll olunmamasını bir sıra hallarda məmurlarda, ayrı-ayrı strukturlarda görməyə səylər göstərirlər. Məhz buna görə də məmur-vətəndaş münasibətlərinin təkmilləşdirilməsi daim gözlənilən və buna ehtiyac olan bir məsələdir.

Söz yox ki, Azərbaycanda da bu problem təkmilləşmə yönündə irəliyə doğru gedir. Əlbəttə, əsas məsələ ondan ibarətdir ki, yüksək vəzifəli dövlət məmurları sıravi vətəndaşlara xidmət etməli, onların problemlərinin həll olunmasına çalışmalıdırlar. Bütövlükdə isə, dövlətin qarşısında duran vəzifə də insanlara xidmət etmək, insanların problemlərinin həllinə səylər göstərməkdən ibarətdir.

Dövlət məmurlarının

məsuliyyəti artmalıdır

Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə vurğulayıb ki, bizim hər birimizin - başda dövlət başçısı, aşağıda da bütün məmurlar olmaqla - əsas məqsədimiz xalqa xidmət etməkdir. Xalq isə insanlardır, vətəndaşlardır, onların problemləridir, odur ki, məmurun da, hər birimizin də vəzifəsi insana xidmət etməkdir, insanların problemlərinə diqqətlə yanaşmaq və onların həllinə səy göstərməkdir: "...Bununla bərabər, dövlət məmurlarının məsuliyyəti də artmalıdır. Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Bu məsələlərlə bağlı mən fikirlərimi bildirmişəm. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcəkdir".

Məhz Prezident İlham Əliyevin irəli sürdüyü fikirlərdən də aydın olur ki, Onun həmişə bu istiqamətdə tapşırıqları olub və başlıca olaraq, ölkə başçısının fəaliyyəti də, insanlara, onların qayğılarına münasibəti də hər bir məmur üçün nümunə ola bilər və olmalıdır.

Sosial ədalət prinsipləri pozulmamalıdır

Əlbəttə ki, məmur-vətəndaş münasibətlərinin tam normallaşdırılması üçün korrupsiya və rüşvətxorluğa qarşı mübarizə də davamlı, mütəmadi xarakter almalıdır. Belə ki, sözügedən istiqamətdə belə arzuolunmaz amillərə qarşı mübarizə sürətlə və hərtərəfli şəkildə aparılmaqdadır. Məhz bu mübarizənin, eləcə də, Prezident İlham Əliyevin sərt xəbərdarlığının nəticəsidir ki, yerlərdə müxtəlif vəzifə sahibləri olan məmurlar özlərində məsuliyyət hissi daşıyırlar. Dövlət başçısı son çıxışlarının birində vurğulamışdır: "Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çox sürətlə aparılır. Bu mübarizə hərtərəfli şəkildə aparılır. Korrupsiya və rüşvətxorluq cəmiyyət üçün ən böyük problemlərdən biridir, ən böyük yaramızdır. Biz inkişaf etmiş ölkələrin bu sahədə də təcrübəsini nəinki öyrənməliyik, eyni zamanda, tətbiq etməliyik. Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm, bir daha demək istəyirəm ki, yalnız cəza tədbirləri, inzibati tədbirlər bizim istədiyimizə nail olmaq üçün kifayət etməz. Əlbəttə ki, cəza tədbirləri də olmalıdır, hüquq-mühafizə orqanları da bu istiqamətdə öz fəaliyyətini davam etdirməlidir. İnzibati tədbirlər də görülür və görüləcəkdir".

Nəticədə, həm də belə qənaətə gəlmək mümkündür ki, cəmiyyətdə sosial ədalət prinsipləri bütövlükdə bərqərar olunmalı və bu faktor konstitusiya tələblərinə uyğunlaşdırılmalıdır. Çünki sözügedən faktor həm də öz həssaslığı ilə seçilənlərdəndir. Bu səbəbdən də, sosial ədalət prinsipləri pozulmamalıdır. Belə ki, vətəndaşlar, sadə insanlar həyat tərzlərini ədalətlilik prinsipləri üzərində qurmağa çalışırlar. Bunu ölkə rəhbəri cənab İlham Əliyev də vurğulayıb: " ...Deyə bilərəm ki, insanları narahat edən ən böyük məsələ ədalətsizlikdir, həyatda da, siyasətdə də, hər bir sahədə də. Ona görə də ədalət, sosial ədalət olmalıdır və bütün qərarlar ədalətli olmalıdır. Əgər qərar ədalətlidirsə, əgər hətta kiminsə xoşuna gəlmirsə, ədalətli olduğu üçün bu qərarla barışırlar. Əgər qərar ədalətsizdirsə, əgər belə demək mümkündürsə, bundan böyük ədalətsizlik ola bilməz".

Göründüyü kimi, ölkə başçısının irəli sürdüyü tezislər bir daha belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycanda məmur-vətəndaş münasibətlərinin tam şəkildə normallaşması istiqamətində dövlət tərəfindən kifayət qədər müntəzəm işlər aparılır və bu işlər bilavasitə Prezident İlham Əliyevin nəzarəti altındadır. Bu əhəmiyyətli amil isə Azərbaycanda yürüdülən demokratik, sosial ədalət prinsiplərinə cavab verən, xalqın rifahını daha da yaxşılaşdırılmasına istiqamətlənmiş uğurlu siyasətin bariz və məntiqi nəticəsidir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər