Azərbaycanın İordaniyadakı səfirliyinin təşkilatçılığı ilə diplomatik nümayəndəliyimizdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Səfirlikdən AzərTAc-a bildirilmişdir ki, tədbirdə səfir Sabir Ağabəyov müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, Ulu Öndərin xalqımız və Vətənimiz qarşısındakı əvəzsiz xidmətlərindən danışmışdır. Azərbaycanın müstəqilliyinin yenidən bərpa olunduqdan sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin respublikamızın suverenliyinin qorunub saxlanılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, ölkədə ictimai-siyasi və iqtisadi sabitliyin bərpa olunmasındakı əvəzsiz xidmətlərinə toxunan diplomat Azərbaycanın xarici siyasətindəki uğurların məhz Ümummilli Liderin adı ilə bağlı olduğunu vurğulamışdır. Səfir ulu öndər Heydər Əliyev siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini demişdir.
İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin üzvü, sabiq nazir Saleh İrşidat Azərbaycanın 1980-ci illərin sonu 1990-cı illərin əvvəlində düşdüyü ağır siyasi və iqtisadi vəziyyətdən danışmış, ulu öndər Heydər Əliyevin məhz bu vaxtda hakimiyyətə qayıtmasını Azərbaycan xalqı və dövləti üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulamışdır. 2011-ci ildə Bakıya səfərini xatırlayan S.İrşıdat dövlətimizin başçısı İlham Əliyev ilə görüşdən xoş təəssüratlarını bölüşmüşdür. O qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev ilə mərhum Kral Hüseyni möhkəm dostluq əlaqələri bağlayırdı. Əmmanda Heydər Əliyevin adına prospektin olması, Bakıda isə gözəl küçələrdən birinin mərhum Kral Hüseynin adını daşıması ölkələrimiz və xalqlarımız arasında münasibətləri daha da möhkəmləndirir.
Sonra İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi X.Həmşavi 1981-ci ildə Bakıda olarkən dahi şəxsiyyət Heydər Əliyev ilə görüşdən xoş təəssüratlarını bölüşmüşdür.
Azərbaycanın müstəqilliyinin yenidən bərpa olunduğu ilk illərində Azərbaycanda təhsil almış Filadelfiya Universitetinin professoru Amir Nizara Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün nəticələrini öz gözü ilə gördüyünü diqqətə çatdıraraq məhz ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda sabitliyin bərqərar olunduğunu, habelə Ermənistan ilə atəşkəsin əldə edildiyini vurğulamışdır.
İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin Qadınlar komitəsinin sədri Zümrüd Dadaşova də ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti barədə ingilis dilində məruzə ilə çıxış etmişdir.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film göstərilmişdir.
Səfirlikdə, həmçinin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, habelə onun dünya liderləri ilə görüşlərini əks etdirən müxtəlif dillərdə yazılmış kitablar sərgilənmişdir.
Tədbirdə İordaniyanın nüfuzlu siyasi-ictimai xadimləri, işgüzar dairələrin nümayəndələri, ölkədə akkreditə olunmuş bir sıra səfirlər və Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər.
AzərTAc