PDF Oxu

Siyasət

  • 7

“Heydər Əliyev mənim həyatımda” kitabının təqdimat mərasimi keçirilmişdir

“Heydər Əliyev mənim həyatımda” kitabının təqdimat mərasimi keçirilmişdir

Mayın 3-də "Azərbaycan" qəzetinin Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı hazırladığı "Heydər Əliyev mənim həyatımda" ikicildliyinin təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvləri, elm, təhsil ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbiri açan Yeni Azərbaycan Partiyasının sədrinin müavini - icra katibi Əli Əhmədov ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı keçirilən tədbirlərin hər bir azərbaycanlının Ümummilli Liderin xatirəsinə dərin hörmətinin təzahürü olduğunu vurğulamışdır. Hər bir azərbaycanlının həyatında ulu öndər Heydər Əliyevin dərin izlərinin olduğunu bildirən Ə.Əhmədov bu fikirlərin ifadəsinin ikicildlikdə əksini tapdığını diqqətə çatdırmışdır.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nəşrdəki yazıların Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərini əks etdirdiyini bildirmişdir.

Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və digərləri çıxış etmişlər.

"Heydər Əliyev mənim həyatımda" ikicildliyinin məsləhətçisi və ön sözün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Tarix elmləri doktoru, professor Əli Həsənovun redaktoru olduğu kitabın buraxılışa məsulu "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, tərtibçisi isə qəzetin parlament və siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynlidir.

Kitabın hər iki cildi 7 fəsildən ibarətdir. "Ən böyük azərbaycanlı", "Həqiqət qədər sadə", "Böyük yolun başlanğıcı", "Birinci şəxs", "Missiya", "Əbədi müasirimiz", "Əsl vətəndaş, böyük şəxsiyyət, qüdrətli lider", "Heydər Əliyev dünyanın gözü ilə", "Tarix yaradan şəxsiyyət", "Azərbaycanın rəmzi", "Mərhəmət və alicənablıq mücəssəməsi", "Ən yaxın dostumuz, ən böyük xeyirxahımız", "Sənə borcluyuq", "Milyonların taleyi həyatında əks olunan insan" adlanan bu fəsillərdə Heydər Əliyevin sovet illərində və müstəqillik dövründə müasiri olmuş, bir yerdə işləmiş, xeyir-duasını almış, alicənablığını görmüş, mərhəmətini hiss etmiş sadə insanların, sənət adamlarının, dövlət xadimlərinin, siyasətçilərin, idmançıların, ümumiyyətlə taleyinə Ümummilli Lideri şəxsən tanımaq kimi gözəl bir qismət yazılmış insanların maraqlı xatirələri, ulu öndərin görkəmli dövlət xadimi kimi siyasi-ictimai və dövlətçilik fəaliyyətinə dair fikirləri məqalələr şəklində toplanmışdır.

AzərTAc

Digər xəbərlər