Azərbaycanın Türkmənistandakı səfirliyi Türkmənistan Elmlər Akademiyasının Tarix İnstitutu ilə birgə Aşqabadda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə "Ölkə tarixində şəxsiyyətin yeri" adlı elmi-praktiki konfrans keçirmişdir.
Konfransda Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, Türkmənistan Elmlər Akademiyasının prezidenti Qurbanmurat Mezilov, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, KİV təmsilçiləri, institutun professor-müəllim heyəti, tələbələr iştirak etmişlər.
Elmi-praktiki konfransda Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" altıcildlik tədqiqat romanı, türkmən dilinə tərcümə edilmiş "Geydar Alıyev "Ajayyıb adamlaryn durmuşy" kitabı, "Heydər Əliyev və Şərq", Hidayət Orucovun rus dilində nəşr olunmuş "Heydər Əliyev və Azərbaycanın milli siyasəti" kitabları, "Heydər Əliyev - müstəqilliyimiz əbədidir" çoxcildliyi və digər nəşrlər sərgilənmişdir.
Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində mühüm yer tutduğunu və müstəqil müasir dövlətimizin siyasi-iqtisadi, mədəni həyatının inkişafının əsasını qoyduğunu vurğulamışdır. Diplomat demişdir: "Azərbaycanın müasir tarixinin - 1960-cı illərin axırlarından XXI əsrin əvvəlinədək olan müddəti Ümummilli Liderin adı ilə bağlıdır. Bu illər ərzində Ulu Öndər Azərbaycan xalqı ilə birgə tarixin ağır sınaqlarını dəf etmiş, müstəqil Azərbaycan dövlətini yaradaraq onun parlaq gələcəyinin əsasını qoymuşdur.
Səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" sözlərinin hər bir azərbaycanlının qürurla dilə gətirdiyini vurğulamışdır. Diplomat 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"nin Azərbaycan iqtisadiyyatının bütün sahələrində davamlı islahatların təməlini qoyduğunu qeyd etmişdir.
Diplomat Ulu Öndərin səyləri nəticəsində Məhəmməd Füzulinin 500 illik yubileyinin, "Dədə Qorqud" dastanının 1300 illiyinin UNESCO səviyyəsində keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tarix İnstitutunun direktoru Gülşat Orazməhəmmədova Azərbaycan-Türkmənistan dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasında siyasi-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini vurğulamışdır.
Yazıçı-publisist Elmira Axundova "Heydər Əliyev: Liderliyin fenomeni" mövzusunda məruzə ilə çıxış etmişdir. O, Ulu Öndərin natiqlik qabiliyyətindən, liderlik bacarıqlarından, möhkəm və iti yaddaşa malik olmasından söhbət açmışdır. Həmçinin Ümummilli Liderin şərəfli həyat yolundan və fəaliyyətindən - onun xarici siyasəti, iqtisadiyyatda, təhsildə apardığı islahatlar, diasporun formalaşdırılması sahəsində göstərdiyi səylər, milli-mənəvi, mədəni dəyərlərin, Azərbaycan dilinin qorunub saxlanması işinə göstərdiyi diqqət və qayğıdan, bəhs etmiş Ulu Öndərlə bağlı xatirələrini danışmışdır.
Konfransda Türkmənistan Elmlər Akademiyasının Tarix İnstitutunun alimləri Nurgözəl Byaşimova, Oarzpolat Ekyaev, Ata Nurıyev Türkmənistan-Azərbaycan arasında dostluq münasibətlərinin dərin köklərə malik olduğunu, xalqlarımız arasında əlaqələrin inkişafı və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun xidmətlərini vurğulamışlar. Natiqlər ölkələrimiz arasında iqtisadi və siyasi əlaqələrin gündən-günə inkişaf etdiyini və genişləndiyini qeyd etmişlər.
Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotoşəkillər də nümayiş etdirilmişdir.
AzərTAc