"Azərbaycan dövləti yaşadıqca Heydər Əliyev insanların qəlbində yaşayacaq. Kitabda da Ulu öndər Heydər Əliyevin böyük Azərbaycanlı olması bir daha öz təsdiqini tapır". SİA-nın xəbərinə görə, bu sözləri Baş nazirin müavini Əli Həsənov bu gün "Azərbaycan" qəzeti redaksiyasının hazırladığı "Heydər Əliyev mənim həyatımda" adlı kitabın təqdimat mərasimində deyib.
Baş nazirin müavini Əli Həsənov bildirib ki, kitabda 74 müəllifin fikirləri, təəssüratları məqalələri dərc olunub.
O, vurğulayıb ki, Heydər Əliyevin 1969-1982-ci illərdəki fəaliyyəti barədə müxtəlif sahələrin nümayəndələri öz fikirlərini yazıblar: "Ulu öndər Heydər Əliyev ölkədə hakimiyyətə gələn kimi Azərbaycanın gələcəyi, onun gəncliyinin gələcəyi barədə düşünüb,15 min gənci SSRİ-nin müxtəlif yerlərində təhsil almağa göndərdi".
Əli Həsənov həmçinin qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycana siyasi hakimiyyətə gəlməsi ilə ölkənin parçalanmasına son qoyuldu: "Məhz Ümummilli lider, xarici investorun Azərbaycana cəlb olunması üçün təminatçı olub. Heydər Əliyev siyasəti bundan sonra hələ uzun illər davam edəcək".
sia.az