Mayın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Müəllim hazırlığı və problemlər" mövzusunda beynəlxalq elmi sipozium keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olmuşlar.
Universitetin rektoru Yusif Məmmədov simpoziumu açaraq bildirmişdir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın kadr potensialını hər zaman diqqətdə saxlayaraq təhsil ocaqlarının inkişafına şərait yaradırdı. Hələ Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik edən Heydər Əliyev 70-ci illərdə 15 mindən çox Azərbaycan gəncinin SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrində oxumağa göndərmişdir. Həmin dövrdə mərkəzi hökumət hər bir respublikaya limit tətbiq etmişdir. Moskvadakı ali məktəblərdə yalnız məhdud sayda tələbə təhsil ala bilərdi. Lakin Heydər Əliyev siyasi uzaqgörənliklə bu məhdudiyyəti aşaraq azərbaycanlı gənclərin savadlı, bilikli və bacarıqlı yetişmələri, vətənə faydalı vətəndaş olmaları və özlərinə xoşbəxt həyat qurmaları üçün imkan yaradırdı. Bu gün Azərbaycanın kadr potensialını əsasən 70-ci illərdə Moskvada təhsil alan təcrübəli adamlar təşkil edirlər.
Təhsilə qayğı Heydər Əliyevin siyasi fəaliyyətinin başlıca istiqamətlərindən olmuşdur. Müstəqillik dövründə də tələbələrin xarici dövlətlərdə təhsil alıb qabaqcıl texnologiyalara yiyələnmək ideyası da məhz Heydər Əliyevə məxsusdur.
Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan gənclərinin mütərəqqi təhsilə sahib olmaları üçün bütün imkanlardan yararlanaraq onların xaricə göndərilməsinə nail olur. Bu gün ölkəmizdə yeni məktəblər tikilir, ali məktəblərin maddi-texniki bazası möhkəmləndirilir.
Sonra məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
AzərTAc