Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları mayın 3-də Heydər Əliyev Fondunda olmuşlar.
AzərTAc xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Ümummilli Liderin zəngin irsini öyrənərək təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.
Qeyd olunmuşdur ki, ölkəmizdə müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması da Ulu Öndərin misilsiz xidmətlərindəndir.
Bildirilmişdir ki, Ulu Öndər sovetlər dönəmində tariximizin qədimliyi və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə Azərbaycanın bütün bölgələrində tarix - diyarşünaslıq muzeylərinin yaradılmasına nail olmuşdur. Ümummilli Liderin rəhbərliyi dövründə Azərbaycan folklorunun daha dərindən araşdırılması, aşıq sənətinin inkişafı, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir.
Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, Ulu Öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxan idarənin əməkdaşları görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də maraqla tamaşa etmişlər.
Sonda Fondun qonaqları Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən "Böyük ömrün anları" sənədli filmini izləmişlər.
AzərTAc