YAP Qax rayon təşkilatı gənclər birliyi Ulu Öndərin 90 illiyini qeyd edib
YAP Qax rayon təşkilatı gənclər birliyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə məktəblilər arasında keçirdiyi intellektual oyun üzrə rayon birinciliyi keçirib. Mədəniyyət evində keçirilən yarışa rayonun tam orta məktəblərinin komandaları qatılıbdır. Tədbiri YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov açaraq, Ulu Öndərin Azərbaycan gəncliyi üçün göstərdiyi xidmətlərdən danışıb və yarış iştirakçılarına uğurlar arzulayıb. N.Əhmədov qeyd edib ki, respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını və cəmiyyətə fəal iştirakını təmin etməkdədir: "Bu siyasət çox geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilmişdir".
N.Əhmədov Yeni Azərbaycan Partiyasının fəaliyyətində gənclərə göstərilən diqqət və qayğıdan da danışaraq bildirib ki, bu məsələ əsas prioritetlərdəndir: "Məhz YAP tərəfindən bir neçə ildir ki, böyük uğurla davam etdirilən və ölkəmizin bütün bölgələrindən olan gəncləri əhatə edən yay və qış məktəbləri layihələri, həmçinin, gənclər üçün keçirilən müşavirə və seminarlar da bu diqqət və qayğının bir nümunəsidir. Bu tədbirlərin məqsədi gənclərin həm idarəçilik potensialını, fərdi bacarıqlarını üzə çıxarmaq, həm asudə vaxtlarını yaxşı keçirmək, bir-birilə münasibət qurmaq, həm də onların intellektual səviyyəsini artırmaqdır".
Sonra püşkatma nəticəsində komandalar qruplara bölünmüş, əsasnaməyə uyğun olaraq müxtəlif raundlar üzrə intellektual yarışa start verilmişdir. YAP Qax rayon təşkilatı gənclər birliyinin sədri Elbrus Tağıyevin müxtəlif mövzularda səsləndirdiyi sualları komanda üzvləri cavablandırmağa çalışmış, öz intellektlərini sınağa çəkmişlər. Qruplarda qalib gəlmiş komandalar finalda qarşılaşmışlar.
E.Tağıyev intellektual oyunun keçirilməsinin məqsədini açıqlayaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməklə yanaşı, həm də gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, onların intellektual oyunlara olan marağını artırmaq, gənclər arasında biliyin və elmin nüfuzunu qaldırmaq, gənclərin asudə vaxtını səmərəli təşkil etməkdir.
Yekunda ümumi nəticələrə əsasən şəhər 4 saylı tam orta məktəbin komandası I yerə, Tasmalı kənd tam orta məktəbin komandası II yerə, şəhər 5 saylı tam orta məktəbin komandası III yerə layiq görülmüşlər. Hər üç komandanın üzvləri YAP Qax rayon təşkilatı tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Mükafata layiq yer tutmuş komandaların üzvləri Ulu Öndərin abidəsi önündə xatirə şəkli çəkdirmişlər.
R.KAMALQIZI