PDF Oxu

Siyasət

  • 6

Ulu öndər Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütövlükdə keçmiş sovet məkanında mühüm nəqliyyat şəbəkələrinin yaradılmasında müstəsna xidmətlər göstərmişdir

Ulu öndər Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütövlükdə keçmiş sovet məkanında mühüm nəqliyyat şəbəkələrinin yaradılmasında müstəsna xidmətlər göstərmişdir

Heydər Əliyev 1969-cu ildə respublika rəhbəri seçildikdən sonra Azərbaycanın iqtisadi-sosial, mədəni-mənəvi həyatında başlanan yeni dövr nəqliyyat sistemində vüsətli texniki tərəqqi dövrü kimi səciyyələnir. Həmin dövrdə, xüsusən, respublika dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin əksəriyyəti ulu öndərin bilavasitə təşəbbüsü ilə inşa edilmişdir. Həmçinin, paytaxtda indi ən populyar ictimai nəqliyyat növü olan metronun inkişafı xalqımızın unudulmaz rəhbərinin adı ilə bağlıdır. Keçmiş SSRİ-nin rəhbərliyində işlədiyi 1982-1987-ci illərdə isə Heydər Əliyev bu nəhəng dövlətin yol-nəqliyyat kompleksinin səməri fəaliyyətinin təmib olunması, Baykal-Amur Magistralı kimi irimiqyaslı infrastruktur layihəsinin vaxtında və yüksək səviyyədə icrası çox mühüm işlər görmüşdür.

Ulu öndərimizin fəaliyyətinin həmin dövrü ilə bağlı keçmiş SSRİ yollar naziri Nikolay Semyonoviç Konorevin xoş xatirələrini mən böyük qürur hissi yada salıram. O, deyirdi ki, nazir vəzifəsinə təyinat alarkən ilk dəfə Heydər Əliyevlə 4 saatlıq görüşü olub. Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi Heydər Əliyev ölkənin yol-nəqliyyat infrastrukturunun mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikirərini bölüşməklə yanaşı, ixtisasca dəmiryolşu olan Konorevdən məhz bu sahənin xüsuyyətləri barədə daha ətraflı məlumat verməsini xahiş edib. Bir müddət sonra isə onlar iş ilə əlaqədar olaraq dəmiryolu ayrıcında görüşməli olublar və Heydər Əliyev buradakı texniki avadanlıqlarn ən spesifik cəhətləri barədə danışıb. Konorev xatırlayırdı: "Mən Heydər Əliyeviçin çox qısa bir vaxtda bu texniki incəlikləri necə öyrənməsinə təəccübləndim və heyrətimi də gizlətmədim. O, mənim təəccümə cavab olaraq gülümsədi və dedi ki, mənim atam da dəmiryolçu olub, uşaq vaxtı onun yanına çox gedib-gəlmişəm".

Heydər Əliyev hər bir rəhbər işçidən öz sahəsinə aid məlumat və göstəriciləri dəqiq biməyi tələb edirdi. 1983-cü ilin qışında keçmiş ittifaqın bir sıra ərazilərinə güclü qar yağmış, nəqliyyatın işində problemlər yaranmışdı. Problemləri yerindəcə həll etmək üçün Heydər Əliyev SSRİ Yollar Nazirliyinə gələrək burada selektor müşavirəsi keçirməli oldu. Müşavirənin gedişində o, Qərbi Ukrayna Dəmiryolu idarəsinin rəisindən platformalardan gəlib-keçəcək qatarların sayını soruşur. İdarə rəisi "Heydər Əliyeviç, cədvəllərə baxıb deyərəm" cavabını verir. Heydər Əliyev həmin şəxsi dərhal cəzalandırır və deyir: "Siz daha daha idarə rəisi deyilsiniz, çünki müşavirə başlanana kimi bunu öyrənib bilməli idiniz!"

...Mən Ukraynada Xarkov metropoliteninin 25 illik yubileyində Nikolay Semyonoviç Konorevlə görüşdüm. O zaman ulu öndərimiz artıq müstəqil Azərbaycana rəhbərlik edirdi. Nikolay Semyonoviç mənə dedi ki, Heydər Əliyev nə sizin, nə də bizimdir, bütün bəşəriyyətindir, onu qoruyun! O, bütün dünyaya lazımdır!

Həmin görüşdə Nikolay Semyonoviç BAM-ın tikintisində Heydər Əliyevlə görüşlərinin xoş xatirələrini də mənimlə bölüşdü. O dedi: "Siyasi Büronun üzvlərindən BAM-a gələnlər olurdu. Biz onlara yaxın yerlərin birində yemək-içmək verir və yola salırdıq. Lakin Heydər Əliyev gələndə mütləq birbaşa ən çətin iş sahələrinə gedir, vəziyyətlə yerində tanış olurdu. Rezin kostyum, ayaqqabı geyir, başına dəbilqə qoyur, işlərin aparıldığı yerlərdə olur, çox faydalı təkliflər, tövsiyələr verirdi. Heç təsadüfi deyildi ki, 1984-cü il oktyabrın 1-də BAM-da tikintinin başa çatdırılmasının rəmzi olaraq, dəmiryol xəttinin birləşmə yerində şpala "qızıl kostıl"ı vurmaq da Heydər Əliyevə nəsib oldu..."

Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev BAM-ın tikintisi üzrə hökumət komissiyasının sədri olmuş və tikintinin uğurla başa çatırılmasını təmin etmişdir. Həmin tikintidə xalqımızın oğul və qızları da böyük fədakarlıqlar göstərmişlər. Ulu öndərimizin əziz xatirəsi BAM-ın keçdiyi geniş ərazidəki şəhər və qəsəbələrin sakinlərinin qəlbində bu gün də ehtiramla yad olunur. BAM-ın ən iri stansiyalarından olan Anqoy vağzalına ulu öndər Heydər Əlievin adı verilmişdir. Azərbaycanın görkəmli kinorejissoru Vaqif Mustafayev ümummilli liderimizin BAM-dakı fəaliyyətini "Xüsusi təyinat" adlı sənədli filmində böyük ustalıqla təsvir etmişdir.

Yeri gəlmişkən qeyd edim ki, Heydər Əliyevin gərgin zəhməti sayəsində Azərbaycan BAM-ı adlanan Yevlax-Balakən dəmiryolunun tikilib istifadəyə verilmişdir. Azərbaycanın müstəqilliyinin bərpasından sonra tarixi İpək Yolunun bərpası ideyasının gerçəkləşməsi, nəticədə ölkəmizin geostrateji və geosiyasi əhəmiyyətininartması, Şərqlə-Qərb arasında strateji körpüyə çevrilməsi də ulu öndərimizin xidmətləridir.

...Moskvada işlədiyi dövrdə Heydər Əliyev Bakı metropoliteninin genişləndirilməsinə diqqət və qayğı göstərmişdir. Bununla bağlı bir maraqlı hadisənin mən də şahidi olmuşam. Bakı metro tikintisinin o vaxtkı rəhbərlərindən biri Moskvaya, Heydər Əliyevin yanına gedib tikinti materiallarının çatışmamasından şikayətlənir. Ulu öndərimiz SSRİ nəqliyyat tikintisi naziri İvan Dmitriyeviç Sosnovu çağırıb bununla bağlı tədbir görməyi tapşırır. O da dərhal tapşırığı icra edərək Bakıya lazımi materialları göndərməyə başlayır. Axırda Bakıdan Sosonova zəng edirlər ki, material göndərilməsi dayandırılsın, çünki anbarlarda boş yer qalmayıb. Sosnov isə cavab vermişdi ki, kabinetlərinizdən çıxın materialları oraya yığın, siz istəyirsiz ki, Heydər Əliyev məni işdən çıxarsın?..

Mən vaxtilə Sosnovla da görüşmüşdüm və onun özündən ulu öndərimiz haqqında olduqca xoş sözlər eşitmişdim. İvan Dmitriyeviç deyirdi ki, Heydər Əliyev tikinti məsələlərini dərindən bilirdi. Buna görə də o vaxtkı hökumət başçısı Rıjkovun yanına bir vərəq kağızla getmək bəs edirdisə, Heydər Əliyeviçin qəbuluna qoltuğumda çoxlu sayda qovluqla getməli olurdum ki, verəcəyi sualları dəqiq cavablandıra bilim...

...Metropoliten haqqında, onun dünəni, bu günü və gələcəyi haqqında düşünəndə, ilk növbədə, ulu öndərimiz Heydər Əliyevin yaddaşımıza həkk olunmuş müdrik sözləri yada düşür: "Vəndaşlarımız, ümumiyyətlə xalqımız bilməlidir ki, bizim millətimizin əlində nə kimi böyük və nadir bir sərvət var. Bu sərvət müstəqil Azərbaycan dövlətinə yaxın keçmişdən miras qalıbdır. Ancaq eyni zamanda, bu sərvət Azərbaycan xalqının zəhmətkeş insanlarının böyük əməyi, əzmi nəticəsində yaranıbdır və belə bir möcüzəli şəkil alıbdır. Ona görə də Bakı metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətidir". Ulu öndərimizin bu fikirləri Bakı Metropolitenin qısa manifestidir və onun təkcə ictimai nəqliyyat sistemində deyil, ümumən cəmiyyətdəki mühüm əhəmiyyətini gözəl ifadə edir.

Bakıda metro tikilməsi planı hələ 1937-ci ildən hazırlansa da, Böyük Vətən müharibəsi onun reallaşmasını ləngitmiş, yalnız 1947-ci ildə işə başlamaq mümkün olmuşdu. Lakin 1953-cü ildə tikinti dayandırıldı. Respublika rəhbərlyinin mərkəzi hakimiyyətə müraciətlərindən sonra Moskvadan Bakıya mütəxəssis göndərildi ki, burada metro tikintisinin əlverişli olub-olmamasını müəyyənləşdirsin. Həmin adam Bakıda metro tikintisində görülmüş işlər tanış olduqdan sonra bu tikintinin davam etdirilməsinin vacibliyi barədə mərkəzə öz rəyini bildirdi. Lakin heç Moskvaya gedib çatmamış, onu vəzifəsindən azad etdilər. Bir qədər sonra Bakıya göndərilən ikinci ekspertin də başına eyni əhvalatı gətridilər, çünki o da tikintini davam etditilməsinə razılıq vermişdi. Xalqımızın bədxahları Cənubi Qafqazda ilk metronun Azərbaycanda inşa edilməsinin əleyhinə idilər və bu layihənin ləğv olunması üçün əllərindən gələn pisliyi edirdilər. 1960-cı ildə SSRİ-nin o vaxtkı rəhbəri Nikita Sergeyeviç Xruşşov Bakıda səfərdə olarkən Azərbaycanın birinci şəxsi Vəli Axundov ondan metro tikintisinin bərpasını xahiş edir. Yalnız bundan sonra Bakı metrosunda tikinti işlərinin intensiv şəkildə aparılmasına başlanıldı və 1967-ci ilin 6 noyabrında metronun birinci növbəsi istifadəyə verildi.

Heydər Əliyev respublika rəhbəri seçildikdən sonra metropoliteninin tikintisində böyük canlanma və inkişaf başlandı. Onu da qeyd edim ki, metro tikintisində işləyənləri hərbi xidmətə aparmırdılar. Çünki bu iş elə hərbi xidmətə bərabər sayılırdı.

Ulu öndərin rəhbərliyi ilə 1970-ci ildə "Ulduz" stansiyası, 1972-ci ildə 8-ci Kilometr yaşayış sahəsini şəhərin mərkəzi ilə birləşdirən "Məşədi Əzizbəyov" (indiki "Koroğlu") , "Avrora" (indiki "Qara Qarayev") və "Neftçilər" stansiyaları istismara buraxıldı. O zaman yolun uzunluğu 9,52 kilometr idi, hazırda 34,56 kilometrə çatır və bunun 21,5 kilometri ulu öndərimiz Heydər Əliyevin vaxtında tikilmişdir.

1976-cı ildə "Nizami" stansiyası işıqlarını yandırdı. Onun memarı Mikayıl Useynovdur. Stansiyanın divarlarını bəzəyən mozaik pannolar Mikayıl Abdullayevin rəsmləri əsasında Sankt-Peterburqda hazırlanmışdır. 1979-cu ildə "Bakmil" stansiyası ilk sərnişinlərini qəbul etdi. 1985-ci ildə "Elmlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar", "Memar Əcəmi", 1989-cu ildə "Xalqlar dostluğu" və "Əhmədli" stansiyaları təhvil verilmişdir ki, bunların da inşası 1983-1987-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işləyərkən Heydər Əliyevin göstərişi ilə Bakıya göndərilmiş materiallar hesabına başa çatdırılmış, üstəlik "Memar Əcəmi" stansuyasının şimal sahəsində üç stansiyanın 4, 8 metrlik tuneli də məhz həmin materiallar hesabına tikilmişdir.

Yarımçıq qalmış "Həzi Aslanov" stansiyasının inşası isə Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə Azərbaycan hakimiyyətinə qayıdışından sonra Avropa Birliyinin ayırdığı 4 milyon avro hesabına davam etdirilmiş və 2003-cü ilin iyun ayında istifadəyə verilmişdir. Bundan başqa, ulu öndərimiz 2002-ci ildə metro üçün yeni vaqonların alınmasına 40 milyard manat vəsait qyırmış, 2002-2004-cü illərdə də 75 təzə vaqon alınaraq sərnişinlərin xidmətinə verilmişdir.

Bir hadisəni də burada xatırlatağı vacib sayıram. Belə ki, Bakı metropoliteninə rəis təyin olunmağımla əlaqədar 1998-ci ildə ulu öndər Heydər Əliyev məni qəbul edərkən söhbət zamanı metronun 30 illiyinin ötüb keçdiyini bildi və yubileyin təşkil edilməməsinə təəssüfləndi. 2002-ci ildə isə metropolitenin 35 yaşı tamam olurdu. Mən Moskvadakı Mıttışi zavodunun direktoru Yuri Aleksandroviç Qulko ilə telefon danışığımda bu faktı deyərkən, o soruşdu ki, sən, bu barədə Heydər Əliyevə məlumat vermisənmi? Dedim, Yuri Aleksandroviç sənə asanmı gəlir Heydər Əliyevlə danışmaq? Dedi, sən Heydər Əliyev məndən yaxşı tanıya bilməzsən, götür telefonu, ona zəng elə. Bilirəm, dedi, Heydər Əliyevin sənə münasibəti çox yaxşıdır.

2002-ci ilin 27 oktyabrında mən birbaşa Prezidentə zəng etdim və köməkçisinə dedim ki, metropolitenin 35 illiyidir, mən Heydər Əliyevi bu yubileyə dəvət etmək istəyirəm. Bundan az sonra Prezident Aaparatından zəng etdilər ki, təcili sərəncam hazırlamaq lazımdır. Sərəncam çox geniş, əhatəli olmalı, metropolitenin tarixini əks etdirməli idi. Bu tarixin bütün təfərrüatları da verilməklə sərəncam hazırlandı və imzalandı. Metropolitenin 35 illik yubileyində çıxış edərkən Heydər Əliyev böyük uzaqgörənliklə yaxın illərdə Azərbaycanın gəlirlərinin xeyli artacağını söyləmiş, bu gəlirlərdən metro tikintisinin davam etdirilməsi üçün istifadə olunmasının zəruriliyini vurğulamış və demişdi: "...Mən bunu edəcəyəm və güman edirəm ki, məndən sonra gələn insanlar da bunu mütləq etməlidirlər".

Ulu öndərin bütün arzuları kimi, Bakı Metropoliteninin gələcəyi ilə bağlı arzuları da bu gün ardıcıllıqla gerçəkləşməkdədir. 2006-cı ildən indiyədək 3 yeni stansiya – "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" - istifadəyə verilmiş, 2 stansiya – "İçərişəhər" və "Koroğlu" bərpa edilmişdir. "28 May" stansiyasının bərpası isə bu il başa çatacaqdır. 2002-dən sonra alınan təzə vaqonların sayı 161-ə çatmışdır. Hazırda Bakı metropoliteni sutkada 650 min sərnişin daşıyır, qış aylarında bu göstərici 714 minə yaxın olur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2008-ci ildə təsdiq etdiyi "Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı"nda – MDB məkanında bənzəri olmayan bu mühüm sənəddə nəzərdə tutlan tədbirlər hazırda uğurla icra edilməkdədir. Fransanın "Sistra" şirkətinin aparıcılığı ilə böyük təcrübəyə malik xarici şirkətlərdən ibarət Beynəlxalq Konsorsium tərəfindən dünya praktikası nəzərə alınmaqla Bakıda yeni metro xətlərinin inkişafı sxemini hazırlamışdır. Bu zaman paytaxtımızın infrastrukturunun tələblərinə, əhalinin məskunlaşması vəziyyətinə və hərəkətin intensivliyi məsələsinə xüsusi diqqət yetirilmişdir.

Dövlət Proqramı beşilliklərə bölünmüşdür və 2010-2015-ci illər üçün icrası nəzərdə tutulan tədbirlər artıq öz bəhrəsini verir. 2015-ci ilədək işə düşəcək 6 stansiyadan biri - "Dərnəgül" aritıq istifadədir. İki stansiya 2014-cü ilin may ayında, altı stansiya isə 2016-ci ildə təhvil verilməldir. Bunun üçün metro inşaatçıları çox gərgin iş rejimində fədakarlıqla çalışırlar. Ölkəmizdə metronun tikintisi üçün materiallar hazırlayan zavodlar da vardır ki, bütün bunlar da yeni stansiyaların və xətlərin tikintisini sürətlə aparmaq üçün əlverişli imkanlar yaradır. Möhtərəm Prezidentimizin qarşıya qoyduğu tapşırıqlardan ən ümdəsi odur ki, ildə orta hesabla bir stansiya təhvil verilməlidir. Dövlət Proqramının icrası nəticəsində Bakı metropoliteninin 2030-cu ildə 76 stansiyası, 109 kilometr yolu olacaqdır. Yəni paytaxtımızda hər 900 metrdən bir metro stansiyasının yerləşməsi təmin ediləcəkdir ki, bu da Avropa standartlarına cavab verir.

Hazırda "Avtovağzal", "Memar Əcəmi-2", Ceyhun Səlimov küçəsindəki "B-3" stansiyalarında, Heyfər Əliyev adına İdman-Konsert Kompleksinin yanında, Heydər Əliyev Sarayının arxasında, "Həzi Aslanov-2" stansiyasında, Köhnə və Təzə Günəşlidə tikinti işləri davam etdirilir. Azərbaycanda metro tikintisinin böyük gələcəyi vardır. Bu rahat və ekoloji cəhətdən təmiz ictimai nəqliyyat növundən Bakıətrafı qəsəbələrin, Sumqayıtın, hətta Naxçıvan və Gəncə şəhərlərinin sakinlərinin istifadə etməsi üçün zəruri tədbirlərin görülməsi də nəzərdə tutulmuşdur. Əminliklə deyə bilərəm ki, ulu öndərimizin layiqli davamçısı möhtərm Prezidentimiz İlham Əliyevin apardığı qətiyyətli və uzaqgörən daxili və xarici siyasət Azərbaycanı bütün sahələrdə, o cümlədən metropolitenin inkişafı sahəsində dünyanın ən öndə gedən ölkələri sırasına çıxaracaqdır.

...Heydər Əliyev özünün fenomenal dühası ilə seçilmiş, rəhbərlik etdiyi bütün sahələrin xüsusiyyətlərini o sahənin mütəxəssislərindən daha yaxşı öyrənmiş, bilmiş və qarşıya çıxan bütün problemlərin həllinə özünün fitri istedadı və bənzərsiz zəkasının gücü ilə nail olmağı bacarmışdır. Azərbaycanda və keçmiş sovet məkanında yol-nəqliyyat kompleksinin inkişafı tarixində ulu öndərimizin qoyduğu izlər əbədi var olacaq, yaşayacaqdır!

Tağı ƏHMƏDOV

Bakı Metropoliteninin rəisi

yap.org.az

Digər xəbərlər