PDF Oxu

Siyasət

  • 14

Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev və deputat Aslan Cəfərov Uruqvayda səfərdə olmuşlar.

Azərbaycan Respublikasının Argentinada, eyni zamanda Uruqvaydakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Milli Məclisin deputatlarının Uruqvay Parlamentinin Nümayəndələr Palatasının sədri Xerman Kardoso ilə görüşündə ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi və s məsələlər müzakirə olunmuşdur.

Görüşdə Milli Məclisin sədri Oqtay Əsədovun Azərbaycana dəvət məktubu X.Kardosoya təqdim edilmişdir.

Uruqvay-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlığın inkişafına parlament diplomatiyasının verdiyi töhfələr, regional və qlobal mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Uruqvaylı deputatlar 2011 və 2012-ci illərdə Bakıya səfərləri ilə bağlı təəssüratlarını bölüşmüş, Azərbaycanı regionun əhəmiyyətli geosiyasi mövqeyə, zəngin resurslara malik və güclü inkişaf edən ölkə kimi xarakterizə etmişlər.

Milli Məclisin deputatlarının Uruqvayın sabiq prezidenti, senator Luis Alberto Lacalle ilə görüşündə mayın 6-dan 9-dək Madrid Klubunun Bakıda keçiriləcək konfrans barədə müzakirələr aparılmış, senator bu tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edəcəyini, ölkəmizdə gedən güclü inkişaf prosesləri barədə məlumatlı olduğunu demişdir. Görüşdə Azərbaycan-Uruqvay münasibətləri, regional məsələlər və qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

Azərbaycan nümayəndə heyətinin Uruqvayın iqtidarda olan Geniş Cəbhə (Frente Amplia) Partiyasının sədri xanım Monika Xavier ilə görüşündə Parlamentlərarası İttifaq çərçivəsində əməkdaşlıq, Azərbaycanın dinamik inkişafı, mövcud əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Uruqvayın dövlət və hökumət rəsmiləri ilə də görüşmüşlər.

Uruqvay Prezidenti Administrasiyasının dövlət katibi Dieqo Kanepa, xarici işlər naziri Luis Almaqro, kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Tabare Aguerre ilə keçirilən görüşlərdə ölkələrimiz arasında son illərdə əlaqələrdə müşayiət olunan intensivlik, həyata keçirilmiş səfərlər, əməkdaşlığın inkişafı üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparılmışdır. Azərbaycan ilə Uruqvay arasında qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin formalaşması, BMT Təhlükəsizlik Şurasına keçirilmiş seçkilərdə, eləcə də Parlamentlərarası İttifaqın 130-cu Assambleyasının 2014-cü ildə Bakıda keçirilməsinə Uruqvayın Azərbaycana verdiyi dəstək məmnunluqla qeyd olunmuşdur. Azərbaycan-Uruqvay əməkdaşlığının inkişafının hər iki ölkənin xalqlarının milli maraqlarını xidmət edəcəyi vurğulanmışdır.

AzərTAc

Digər xəbərlər