PDF Oxu

Siyasət

  • 12

Lerikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir

Lerikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir

Lerik Rayon Mədəniyyət Evində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, mədəniyyət evinin foyesində Ümummilli Liderin həyat və fəaliyyətinə dair kitab sərgisi ilə tanış olmuşlar.

Elmi-praktik konfransda qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyev elə nadir tarixi şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdır.

Bildirilmişdir ki, 1969–1982-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə dövrü, dinamiklik, işgüzarlıq kimi keyfiyyətlərin formalaşması dövrüdür. Ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyanmış, azadlıq, müstəqillik duyğuları baş qaldırmışdır. Bu, əslində, XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə-yüksəliş dövrünə daxil olması demək idi.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə vətəndaş müharibəsinin qarşısı alınmış, torpaqların işğalı dayandırılmış, respublikanın parçalanması təhlükəsi aradan qalxmış, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlamışdır.

Bildirilmişdir ki, 1993-cü ilin ikinci yarısından başlayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırılmış və bununla da Azərbaycanın iqtisadi inkişafının mahiyyətcə yeni mərhələnin təməli qoyulmuşdur.

Diqqətə çatdırılmışdır ki, ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir.

Sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır.

Elmi-praktik konfransda qeyd edilmişdir ki, Ulu Öndərin çoxtərəfli gərgin fəaliyyəti sayəsində cəmiyyətin bütün sahələrində həyata keçirilən islahatların nəticəsi olaraq Azərbaycan Respublikası Avropa Şurasına bərabərhüquqlu üzv qəbul edilərək ümumavropa ailəsinə qovuşmuş və burada layiqli yerini tutmuşdur. Məhz bu uzaqgörən siyasətin nəticəsidir ki, bu gün Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür.

Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır.

Bildirilmişdir ki, bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

Konfransda Milli Məclisin deputatı İqbal Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Elman Quliyev, şair Balayar Sadiq konfransda mövzu ilə bağlı çıxış etmişlər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edilmiş, Ümummilli Liderin 90 illik yubileyi münasibətilə keçirilmiş müsabiqə və idman yarışlarında qalib gələnlərə mükafatlar təqdim edilmişdir.

Rayonun mərkəzi meydanında Azərbaycan xalqının Ümummilli Liderinin 90 illik yubileyi münasibətilə konsert təşkil olunmuşdur.

AzərTAc

Digər xəbərlər