Gəncədə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bayram tədbirləri mayın 5-də davam etdirilmişdir.
AzərTAc xəbər verir ki, yubiley tədbirlərinə gələn 20-dən artıq xarici qonaqlar və şəhər ictimaiyyətinin nümayəndələri səhər tezdən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişlər.
Məktəblilər müxtəlif ölkələrin tanınmış şəxsiyyətlərini 5 dildə salamladıqdan sonra tədbir iştirakçıları ölməz şairin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzmüşlər.
Şəhərin təhsil və mədəniyyət müəssisələri kollektivlərinin "Xəmsə"nin motivləri əsasında hazırladıqları rəsm əsərlərinə, tətbiqi sənət nümunələrinə tamaşa edən qonaqlar Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında Nizami Gəncəvinin "Xeyir və Şər" əsərinin motivləri əsasında hazırladıqları meydan tamaşasına da maraqla baxmışlar.
Sonra Gəncə Dövlət Universitetində Latviyanın sabiq Prezidenti, Azərbaycanın yaxın dostu Valdis Zatlersə universitetin fəxri doktoru adının verilməsi mərasimi keçirilmişdir.
Mərasimdə Valdis Zatlersin Latviyanın Prezidenti olduğu dövrdə dəfələrlə Azərbaycana səfərlərin, Prezident İlham Əliyev ilə görüşləri, Azərbaycan-Latviya əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətləri xüsusi qeyd edilmişdir.
Sonra universitet elmi şurasının qərarı ilə təsdiq edilmiş fəxri doktor diplomu Valdis Zatlersə təqdim edilmişdir.
Valdis Zatlers yüksək etimada görə universitet kollektivinə minnətdarlığını bildirmişdir.
Ulu Öndərin 90 illik yubileyi tədbirlərində iştirak edən Madrid Klubunun üzvləri mayın 5-də "RAMADA plaza" otelində klubun idarə heyətinin növbəti iclasını keçirmişlər.
Əllidən artıq ölkənin sabiq dövlət başçılarının, eləcə də tanınmış siyasi xadimlərin 80-dən artıq nümayəndəsini özündə birləşdirən bu qurumun növbəti iclasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək belə bir mötəbər tədbirin Gəncədə keçirilməsini əlamətdar hadisə adlandırmış və qonaqları salamlayaraq müzakirə olunan mövzu ilə bağlı fikirlərini açıqlamışdır.
Bildirmişdir ki, Madrid Klubunun növbəti yığıncağı vacib bir məsələyə-qadın problemlərinə həsr edilmişdir. Bununla bağlı respublikamızda görülən işləri diqqətə çatdıran natiq bu sahədə Heydər Əliyev Fondunun, eləcə də Fondun prezidenti Mehriban xanım Əliyevanın əvəzolunmaz xidmətlərini xüsusi vurğulamışdır.
Sonra Madrid Klubunun prezidenti, Hollandiya Krallığının sabiq Baş naziri Vim Kok, klubun üzvləri- Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Latviya Respublikasının sabiq Prezidenti xanım Vaira Vike Freiberga və başqaları çıxış edərək müzakirə olunan mövzu ilə bağlı fikirlərini açıqlamış, arzu və təkliflərini vermişlər.
AzərTAc