PDF Oxu

Siyasət

  • 16

Amerikanın nüfuzlu “Roll Call” qəzetində Azərbaycan haqqında “ABŞ və digər ölkələr həll edilməmiş münaqişənin tənzimlənməsini və beynəlxalq hüququn tələblərinə riayət olunmasını tələb etməlidirlər” sərlövhəli məqalə dərc olunmuşdur

Amerikanın nüfuzlu “Roll Call” qəzetində Azərbaycan haqqında “ABŞ və digər ölkələr həll edilməmiş münaqişənin tənzimlənməsini və beynəlxalq hüququn tələblərinə riayət olunmasını tələb etməlidirlər” sərlövhəli məqalə dərc olunmuşdur

Vaşinqtonun siyasi dairələrində çox populyar olan nüfuzlu "Roll Call" qəzetində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun "ABŞ və digər ölkələr həll edilməmiş münaqişənin tənzimlənməsini və beynəlxalq hüququn tələblərinə riayət olunmasını tələb etməlidirlər" sərlövhəli məqaləsi dərc edilmişdir.

Məqalədə ölkəmizin müstəqillik illəri ərzində keçdiyi inkişaf yolundan söhbət açılır. Qeyd edilir ki, ABŞ administrasiyası Azərbaycana həmişə etibarlı və yaxın müttəfiq kimi münasibət bəsləmişdir.

E.Süleymanov yazır: "Azərbaycan Qərbə və İsrailə neft və qaz nəql edən əsas mənbə və tranzit mərkəzdir. OPEK-ə daxil olmayan bu ölkə həm də Əfqanıstanda təhlükəsizliyi dəstəkləyən beynəlxalq qüvvələrin komandanlıq missiyası üçün maddi yüklərin və qoşunların daşınması üçün əsas tranzit ölkədir ". Dini və mədəni tolerantlıq baxımından zəngin tarixi ənənələrə malik olan müsəlman ölkəsi kimi, Azərbaycan çox dövlətlər üçün nümunə sayılır. Azərbaycan ABŞ və Avropa ölkələri üçün, bütövlükdə Qərb üçün əsas tərəfdaşlardan biridir.

Səfir qeyd edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bütövlükdə Avrasiyada sülh və təhlükəsizlik üçün təhdid mənbəyidir. E.Süleymanov oxucuların diqqətini daha bir məqama cəlb edir ki, 20 il bundan əvvəl, 1993-cü ilin aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Kəlbəcər rayonunun işğal edilməsi ilə əlaqədar, BMT-nin Təhlükəsizlik Şurası 822 nömrəli qətnamə qəbul etmişdir. Diplomat daha sonra dəqiqləşdirir ki, Ermənistan bu qətnaməyə etinasızlıq göstərmiş, onu yerinə yetirməmiş, üstəlik, sonrakı dövrdə Azərbaycanın başqa rayonlarını da işğal etmişdir. Bununla bağlı BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə daha üç qətnamə qəbul etmişdir.

Səfirin qeyd etdiyi kimi, erməni silahlı qüvvələri tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində azərbaycanlı qaçqınların ümumi sayı 900 min nəfərə çatmışdır.

Səfir yazır: "Hətta Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu və Şuranın başqa üzvləri ilə birlikdə qlobal dünya problemlərinin həllində iştirak etdiyi bir vaxtda da Azərbaycanla bağlı təxirəsalınmaz qətnamələr onilliklər boyu kağız üzərində qalır!". Azərbaycan ərazisinin başqa, əhəmiyyətli hissəsi kimi, Kəlbəcər də indiyədək Ermənistanın işğalı altındadır.

Sonda müəllif yazır ki, Birləşmiş Ştatlar Konqresin dəstəyi ilə bu vəziyyətin dəyişməsinə kömək edə bilər və münaqişənin beynəlxalq hüquq normaları əsasında, dinc yolla tənzimlənməsi üçün danışıqlarda daha fəal iştirak edə bilər.

yap.org.az

Digər xəbərlər