Mayın 6-da "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Milli Aviasiya Akademiyasının tədris binasında Heydər Əliyev Muzeyinin açılışı olmuşdur.
AzərTAc xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov və tədris ocağının kollektivi ulu öndər Heydər Əliyevin Akademiyadakı büstü önünə əklil və gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etmişlər.
Muzeylə tanışlıq zamanı məlumat verilmişdir ki, Azərbaycanın böyük oğlu, 30 ildən artıq bir dövrdə xalqımızın həyatında, taleyində tarixi rol oynamış Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ərəfəsində açılan Muzeydə Ümummilli Liderin mənalı ömür yolunu əks etdirən 200-dək foto və sənəd nümayiş olunur.
Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin göstərişinə əsasən yaradılan Muzeydə toplanan sənədlər tarixi xronologiya üzrə 4 bölmədən ibarətdir.
Heydər Əliyevin xatirə muzeyində onu təkcə ictimai-siyasi xadim, Ümummilli Lider, dövlət başçısı kimi deyil, həm də gözəl ailə başçısı, sadiq ömür-gün yoldaşı, qayğıkeş və mehriban ata, baba kimi də görmək mümkündür.
Milli Aviasiya Akademiyasının nəzdində yaradılmış xatirə muzeyinin məqsədi müdrik rəhbər Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyətini akademiyada təhsil alan tələbələrə örnək kimi göstərməkdir.
Qeyd olunmuşdur ki, Heydər Əliyev Muzeyi bu ali təhsil ocağının tələbələrində vətənpərvərlik ruhunun aşılanmasında önəmli rol oynamaqla yanaşı, gənc aviatorlarda milli aviasiyamızın inkişafına daim diqqət və qayğı göstərən Ulu Öndərin bu istiqamətdəki fəaliyyəti barədə də geniş təsəvvür yaradır.
AzərTAc