PDF Oxu

Siyasət

  • 6

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev: Böyük Azərbaycanlı” mövzusunda konfrans keçirilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev: Böyük Azərbaycanlı” mövzusunda konfrans keçirilib

Bu gün "Gülüstan" sarayında Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev: Böyük Azərbaycanlı" mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan xalqı Ummumilli lider Heydər Əliyevin xatrəsini daim dərin ehtiramla anır, hörmət və ehtiramını ifadə edir. Əli Əhmədovun sözlərinə görə, Azərbaycan tarixinə şöhrət gətirən parlaq simaların sırasında Heydər Əliyevin yeri və rolu xüsusi görünməkdədir. "Xalqımızın düşüncəsi bundan ibarətdir ki, Azərbaycanın müasir tarixi və onun gələcək perspektivləri bilavasilə Ümummilli lider Heydər Əliyevin adı, Onun müəyyənləşdirdiyi siyasət və inkişaf konsepsiyası ilə əlaqədardır. Heydər Əliyev böyük bir epoxadır və bu epoxanın əhəmiyyətli bir hissəsi, təxminən 40 ili artıq tarixdir. Ancaq düşünürük ki, Heydər Əliyev epoxası yalnız tarix deyil, daha çox gələcəkdir, Azərbaycanın və xalqımızın gələcək taleyi və perspektivlərini müəyyənləşdirən qüdrətli amildir"- deyə, YAP-ın Sədr müavini vurğulayıb.

Əli Əhmədov qeyd edib ki, hər bir şəxsiyyətin miqyası onun xalqın tarixində oynadığı rol ilə nə dərəcədə müəyyən olunursa, o qədər də dövlətin gələcək taleyinə təsir göstərmək imkanları ilə müəyyənləşmiş olur. Onun fikrincə, Ulu öndər Heydər Əliyevin də Azərbaycan tarixindəki dərin izi ilə yanaşı, xalqımızın gələcək taleyinə daha böyük və uzun müddətli dövrdə təsir etmək imkanına malikdir. "Əlbəttə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdirdiyi dövrlərdə ölkəmizin bütün sahələrdə yüksək inkişafı və bu inkişafın nəticələri Azərbaycanda hər kəsə məlumdur. Eyni zamanda, Azərbaycan vətəndaşları ona görə Heydər Əliyev siyasətinə dərindən inanır ki, bu siyasət dövlətmizin gələcəyinə də böyük, müsbət təsir göstərmək imkanındadır. Belə bir qənaətin formalaşması təkcə nəzəri düşüncələrə söykənmir, bu, eyni zamanda Heydər Əliyevin həyatda olmadığı 10 il ərzində Onun ideyaları əsasında Azərbaycanın böyük inkişaf mərhələsi keçməsi ilə əlaqədardır. Son 10 il ərzində Azərbaycan Heydər Əliyevin ideyalarının və siyasətinin Onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsi nəticəsində böyük inkişaf mərhələsi keçib. Bu gün Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş 11-ci konfransımızı keçiririk. Bu konfransın tematikasını müəyyənləşdirərkən "Heydər Əliyev: Böyük Azərbaycanlı" mövzusunun üzərində dayandıq. Hesab edirik ki, Heydər Əliyevin Azərbaycan və Azərbaycan xalqının qarşısında bütün xidmətlərini ən ümumiləşmiş şəkildə ifadə etmək üçün uğurlu məfhumlardan biri məhz "Böyük Azərbaycanlı" ifadəsi ola bilər. Azərbaycanın gücünü, qüdrətini, möhtəşəmliyini bu sözdən daha yaxşı ifadə etmək mümkün deyil. Azərbaycanın Heydər Əliyevin müəyyənləşdirdiyi konsepsiya əsasında bundan sonra da böyük inkişaf mərhələsi yaşayacağını da bu ifadələrdən yaxşı əks etdirmək mümkün deyil"- deyə, Əli Əhmədov vurğulayıb.

Konfransda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Əli Həsənov "Ən böyük azərbaycanlının arzu və istəkləri uğurla həyata keçir", Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov "Azərbaycanın özü qədər əbədi Heydər Əliyev", YAP İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov "Ümmandan bir damla", Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Gender bərabərliyi Heydər Əliyevin azərbaycançılıq ideologiyası kontekstində", Azərbaycan Dövlət İqtisadi Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev "Azərbaycan iqtisadiyyatında Heydər Əliyev mərhələsi" mövzularında məruzələrlə çıxışlar ediblər.

yap.org.az

Digər xəbərlər