Bu gün "Gülüstan" sarayında "Heydər Əliyev- Böyük Azərbaycanlı" mövzusunda 11-ci konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov, Prezident Administransiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Baş nazirin birinci müavini Yaqub Eyyubov, ikinci müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclis sədrinin müavini Bahar Muradova, deputatlar, ziyalılar və digər şəxslər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Əli Əhmədov bildirib ki, Azərbaycanın müasir tarixi və onun gələcək perspektivləri, xalqın düşüncəsi bilavasitə Heydər Əliyevin adı onun müəyyənləşdirdiyi siyasət əsasını qoyduğu inkişaf konsepsiyası ilə əlaqədardır: "Heydər Əliyev böyük bir epoxadır. Düşünürük ki, Heydər Əliyev epoxası yalnız tarix deyil, daha çox gələcəkdir. Hər bir şəxsiyyətin miqyası onun xalqın tarixində oynadığı roldan asılıdır".
Daha sonra Baş nazirin müavini Əli Həsənov çıxışı zamanı deyib ki, Heydər Əliyev milli kadrları yerləşdirərkən tolerantlığa fikir verirdi, xüsusən onların coğrafiyasını nəzərə alırdı: "Heydər Əliyev 1969-1982-ci illərdə hakimiyyətdə olduğu illərdə Azərbaycan-Gürcüstan-Ermənistan baş katiblər arasında sərhəddə görüşlər təşkil edirdi. Bununla da bu ölkələri bir-birinə daha da yaxınlaşdırırdı. Hesab edirəm ki, biz Ulu öndərin ruhu qarşısında hesabat veririk. Məndə belə bir təsəvvür yaranır ki, dahi şəxsiyyət canlı şəkildə bizim yanımızdadır".
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun sözlərinə görə isə dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var: "Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub".
Sədr müavini Heydər Əliyevin 1995-ci ildəki çıxışını xatırladaraq qeyd edib ki, "Üzərimizə düşən məsuliyyəti biz vicdanla, xalqımıza, vətənimizə sadaqətlə həyata keçirmişik və gördüyümüz işə, xalqa təqdim etdiyimiz layihəyə görə, fəxr edə bilərik".
Daha sonra Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hİcran Hüseynova, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisinin deputatı Şəmsəddin Hacıyev çıxış edərək Ümummilli lider haqqında dəyərli fikirlərini bölüşüblər.
Qeyd edək ki, tədbirdən öncə qonaqlar Fəxri Xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib və abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra görkəmli oftolmoloq, alim Zərifə Əliyevanın məzarı ziyarət olunub.
sia.az