"Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi bu gün həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda böyük təntənə ilə qeyd edilir. Azərbaycanda Heydər Əliyevin yubileyinin yüksək səviyyədə qeyd olunması əslində müasir Azərbaycanın yubileyi kimi xarakterizə edilə bilər". Bunu SİA-ya Milli Məclisin deputatı Nizami Cəfərov dahi şəxsiyyət Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycanda aparılan təbliğat işlərinə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, bu olduqca zəngin tarixdir: "Bununla bağlı elmi konfranslar, ictimai-siyasi tədbirlər, ideoloji məzmunlu diskusiyalar aparılır. Bütün bunların hamısı imkan verir ki, Heydər Əliyev şəxsiyyəti, fəaliyyəti və qəhrəmanlığı dərk olunsun. Buna bizim xüsusilə Azərbaycan gəncliyinin ehtiyacı var. Məhz onlar bilməlidirlər ki, müasir dövlətimiz hansı mübarizələrdən keçərək yaranıb. Güman edirəm ki, dahi şəxsiyyətin yubileyi ölkə ictimaiyyəti tərəfindən olduqca gözəl səviyyədə keçirilir. Heydər Əliyevin şəxsiyyəti elədir ki, o bir, iki, üç və daha çox aylarda keçirilən tədbirlərlə bitmir. Əslində bu kimi tədbirlər böyük kontekst, fon yaradır ki, biz bu böyük şəxsiyyətin fəaliyyətini, mübarizəsini hər gün öyrənək. Yəni o nə qədər Azərbaycan ictimai fikrinin önündə olacaqsa və nə qədər bizim təfəkkürümüzdə, beynimizdə, hisslərimizdə yer alacaqsa, o qədər də Azərbaycan möhkəm, qüdrətli olacaq və irəli gedəcək. Amma yenə də müxtəlif formalar tapmaq lazımdır ki, bu böyük tarixi şəxsiyyəti yalnız Azərbaycanda deyil, bütövlükdə türk dünyasında, bütün dünyada təbliğ edək. Bu gün bütün dünya üçün Heydər Əliyevin şəxsiyyəti çox maraqlıdır".
sia.az