Mayın 6-da Milli Məclisin sədr müavini Bahar Muradova Bakıda səfərdə olan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soaresin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
B.Muradova ATƏT PA nümayəndələrini Bakıda görməkdən məmnun olduğunu vurğulayaraq demişdir ki, Azərbaycan ATƏT ilə əməkdaşlığa böyük önəm verir və bu əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
Görüşdə qeyd olunmuşdur ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində işlər aparır. Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsini istəyir və inanır ki, ATƏT bu istiqamətdə səmərəli addımlar atacaqdır. Müasir dövrdə işğalçılıq siyasətinin yürüdülməsi yalnız hər hansı bir dövlətin və regionun yox, ümumilikdə dünyanın təhlükəsizliyini zərbə altında qoyur. Odur ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini gözləyir.
Səmimi görüşə görə təşəkkürünü bildirən ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soares Bakıda səfərdə olmaqdan fərəh hissi keçirdiyini bildirmiş, Azərbaycanın ATƏT ilə əməkdaşlığını yüksək qiymətləndirmişdir.
Qeyd olunmuşdur ki, Milli Məclisin PA-nın işində iştirak edən nümayəndə heyəti səmərəli fəaliyyət göstərir və bu, qurumla Azərbaycanın əməkdaşlığını daha da gücləndirir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.
AzərTAc