Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Ümummilli lider Heydər Əliyev və Azərbaycan qadını" mövzusunda konfrans keçirilmişdir.AzərTAc xəbər verir ki, konfransdan əvvəl iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və önünə gül-çiçək dəstələri düzmüşlər.
Konfrans iştirakçıları Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən tarixi sənədlər və eksponatlarla tanış olunmuşlar. Naxçıvan Dövlət Musiqili Dram Teatrının vestibülündə "Naxçıvan qadınları" adlı sərgiyə baxış keçirilmişdir.
Tədbirin rəsmi hissəsini Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Təranə Quliyeva açmışdır.
Sonra "Heydər Əliyev və Azərbaycan qadınının keçdiyi yol" adlı film nümayiş olunmuşdur.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Heydər Əliyev və dövlət qadın siyasəti" mövzusunda çıxış etmişdir. Son illər Azərbaycanın dünya miqyasında bir sıra uğurlara imza atdığını deyən H.Hüseynova ölkəmizin inkişafında qadınlarımızın özünəməxsus rol oynadığını vurğulamışdır. H.Hüseynova bildirmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın çoxcəhətli fəaliyyəti ölkəmizdə qadınların statusunun yüksəldilməsinə güclü təkan verir.
Konfransda "Ailə, qadın və uşaq siyasəti Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm istiqaməti kimi", "Müstəqil Azərbaycanda dövlət quruculuğu və hüquqi islahatlar: ailə, qadın və uşaq hüquqları kontekstində", və digər mövzularda məruzələr dinlənilmişdir.
Tədbir konsert proqramı ilə davam etdirilmişdir.
AzərTAc