PDF Oxu

Siyasət

  • 8

Ümummilli Liderə sonsuz məhəbbət

Ümummilli Liderə sonsuz məhəbbət

Sabirabad rayonunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

AzrTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə əklil qoymuş, əziz xatirəsinə ehtiramlarını bildirmişlər.

Sonra tədbir rayon mədəniyyət sarayında davam etdirilmişdir.

Mərasimdə çıxış edənlər bildirmişlər ki, bütün mənalı ömrünü hədsiz dərəcədə sevdiyi Vətəninin tərəqqisinə həsr etməklə Heydər Əliyev hələ sovet hakimiyyəti dövründən başlayaraq uzaqgörənliklə dövlət müstəqilliyimiz üçün zəmin hazırlamış, bu gün çoxlarının həsəd apardığı Azərbaycanın böyük iqtisadi, elmi və mədəni potensialını yaratmışdır.

Müstəqillik yolunda ilk kövrək addımlarını atarkən xarici və daxili təzyiqlərə məruz qalan milli dövlətçiliyimiz məhz Ulu Öndərin müdrikliyi, fədakarlığı, qətiyyəti və yenilməz iradəsi sayəsində xilas olaraq yeni inkişaf dövrünə qədəm qoymuş, müstəqilliyimiz dönməz xarakter almışdır.

Natiqlər Sabirabad rayonunun inkişafının da Ulu Öndərin adı ilə bağlı olduğunu bildirmişlər. Vurğulamışlar ki, Heydər Əliyev 1969-1982-ci illərdə Sabirabad rayonuna 14 dəfə səfər etmişdir. Müstəqillik dövründə 1998-ci ilin oktyabrın 4-də rayonda olmuşdur. Ümummilli liderin qayğısı sayəsində Sabirabad rayonunda 5 istehsal müəssisəsi açılmış, 31 orta məktəb, 5 xəstəxana, 12 mədəniyyət obyekti tikilmiş, Kür çayı üzərində nəhəng körpü salınmış, İttifaqda analoqu olmayan Qrup Su kəməri kompleksi qurulmuş, onlarla çoxmərtəbəlı yaşayış və inzibati binalar inşa edilmişdir.

Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi andan ümummilli lider Heydər Əliyevin kursunu öz siyasi kursu elan etmiş və bu xətt hazırda uğurla davam etdirilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz böyük inkişaf yolundadır. Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən qlobal layihələr də ölkəmizin başçısının fəaliyyəti ilə vəhdət təşkil edir.

Qeyd olunmuşdur ki, dövlətimizin başçısının rəhbərliyi ilə respublikamızda görülmüş işlərin miqyası əminliklə söyləməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin yaratdığı və sarsılmaz təməl üzərində tərəqqi edən Azərbaycanın yaxın gələcəkdə uğurları daha da artacaqdır.

Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı, xalqımızın firavanlığı, müstəqilliyimizin möhkəmləndirilməsi naminə möhtəşəm fəaliyyətinin cəmiyyətimizin hər bir üzvünün sabaha inamını daha da artdığı xüsusi vurğulanmışdır.

Yubiley tədbirində respublikanın tanınmış incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.

AzərTAc

Digər xəbərlər