İnsan Hüquqları üzrə İtaliya Helsinki Komitəsi mayın 6-da İtaliya Parlamentinin Deputatlar Palatasında "Beynəlxalq humanitar hüquqda məcburi köçkünlərin müdafiəsi: Azərbaycan məsələsi" adlı beynəlxalq seminar keçirmişdir.
Azərbaycanın İtaliyadakı səfirliyindən bildirmişlər ki, İtaliya Helsinki Komitəsinin baş katibi Antonio Stanqo tədbiri açdıqdan sonra Deputatlar Palatası sədrinin aparatının rəhbəri, insan hüquqları üzrə tanınmış ekspert Mauritsio Qressi palatanın sədri xanım Laura Boldrininin adından iştirakçıları salamlamışdır.
Avropanın ən böyük universitetlərindən biri olan Romanın Sapienza Universitetinin beynəlxalq münasibətlər və əməkdaşlıq üzrə prorektoru professor Antonello Biacini giriş nitqində beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycandakı məcburi köçkünlərin məsələsinə yönəldərək irimiqyaslı humanitar böhranların qarşısının alınmasının vacibliyini vurğulamışdır.
Daha sonra Aralıq Dənizi Parlament Assambleyasının baş katibi səfir Sergio Piatsi, Norveç Helsinki Komitəsinin baş katibinin müavini Qunnar Slidal, Sapienza Universitetinin tədqiqatçısı Alberto Bekerelli, Brüsseldəki İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq təşkilatının direktoru Bricit Düfur, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Humanitar və Sosial Məsələləri üzrə idarə rəisi Marat Kəngərlinski, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson məruzələrlə çıxış etmişlər.
Məruzələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycandakı məcburi köçkünlərin hüquqlarının qorunmasının vacibliyi qeyd olunmuş, bu sahədə ölkəmizdə aparılmış islahatlar, əldə olunmuş nailiyyətlər və mövcud problemlər barədə fikir mübadiləsi aparılmışdır.
Seminarda Gürcüstan, Bosniya və Herseqovina, Suriya və digər regionlarda baş vermiş münaqişələrin tarixi, onların nəticəsində məcburi köçkün və qaçqın düşmüş şəxslərin müdafiəsi mövzularına toxunulmuşdur.
İtaliyanın akademik, dövlət və işgüzar dairələrin, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi tədbirdə mövzu ilə əlaqədar geniş müzakirələr aparılmış, suallar cavablandırılmışdır.
yap.org.az