"İki gün davam edəcək forumda müzakirələr onu göstərir ki, həqiqətən də Azərbaycanın dünya xəritəsində tam yerini tapması, tanıdılması üçün bu forumun çox böyük əhəmiyyəti vardır". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimov birinci Cənubi Qafqaz forumunda iştirakı zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, bu gün Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm hadisə baş verib: "Belə ki, dünyanın tanınmış siyasi klublarından biri olan Madrid klubu ilə Nizami Gəncəvi adına beynəlxalq mərkəzin birgə təşkilatçılığı ilə Azərbaycan hökumətinin dəstək verdiyi birinci Cənubi Qafqaz forumu öz işinə başlayıb. Forumun işində əksər ölkələrinin dövlət başçıları, baş nazirləri və həmin ölkələrin ictimai-siyasi həyatında mühüm rol oynayan dövlət adamları iştirak edir".
"Forum bir daha göstərəcək ki, həqiqətən Azərbaycan respublikası inkişaf edir, onun həyatının bütün istiqamətlərində (siyasi,iqtisadi və s.) inkişafı göz qabağındadır. Bir neçə gündür ki, artıq xarici qonaqlar Bakı şəhərindədir. Onlar Azərbaycanın gözəl məkanı olan Gəncə şəhərində olub, öz təəssüratlarını bölüşüblər. Bir sözlə, ölkəmizin inkişafı hamını heyran edib".
N.İbrahimov deyib ki, forumun son bəyannaməsində Dağlıq Qarbağ münaqişəsinin düzgün həll olunması yolunda daha bir çağırış olunacağı gözlənilir: "Belə ki, BMT-nin qətnamələrinin həyata keçirilməsi haqqında çağırışlar olacaq. ATƏT-in Minsk qrupunun fəaliyyətinin daha da gücləndirilməsi haqqında fikirlərin söylənilməsi gözlənilir. Eləcə də, Azərbaycanın həyatı üçün vacib olan məsələlər müzakirə ediləcək. Burada dünyanın bəzi ölkə liderləri bir araya gələrək Qlobal liderlər Alyansı yaradıb və bunun yaxın zamanlarda elan olunacağı gözlənilir. Həmin alyansın 4 şəhərdə mərkəzi planlaşdırılır. Güman edirəm ki, Bakı şəhərində əsası qoyulan bu alyans dünyada olan siyasi klublar kimi, dünyanın qlobal siyasətində öz sözünü deyəcək".
sia.az