"Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yeni amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciəti humanizmin nümunəsidir". Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə.Hüseynli bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə hazırlanan amnistiya aktı Ulu öndərin humanist siyasətinə sədaqətin nümayişidir. Onun sözlərinə görə, yeni amnistiya aktının layihəsinə əsasən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, 1-ci və ya 2-ci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud 1-ci və 2-ci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunmasında iştirak etmiş, Azərbaycan ərazilərinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.
"Cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan, məntəqə tipli cəzaçəkmə məntəqələrində saxlanılan, islah və ictimai işlərə, cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış şəxslərə də amnistiyanın tətbiq edilməsi nəzərdə tutulur. Aparılan ilkin təhlillərə əsasən, amnistiya aktının təqribən 9000 məhkuma tətbiq edilməsi ehtimal edilir"- deyə, komitə sədri qeyd edib.
yap.org.az