İqtisadi İnkişaf Nazirliyi Gəncədə "Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı" mövzusunda konfrans keçirmişdir.
AzərTAc xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Bölgədə fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilən tədbir Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başlamışdır. Konfransı giriş sözü ilə açan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ümummilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının, eləcə də sahibkarlığın inkişafı üçün həyata keçirdiyi tədbirlərdən danışmışdır. Sonra İqtisadi İnkişaf Nazirliyinin regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədovun "Heydər Əliyev və regionların inkişafı", sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımovun "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı", Bakı Biznes Mərkəzinin direktoru Akif Fərrüxovun "Heydər Əliyev və Azərbaycanda insan kapitalının inkişafı", iqtisadi islahatlar elmi-tədqiqat institutunun direktoru Vilayət Vəliyevin "Heydər Əliyevin iqtisadi inkişaf strategiyası" mövzularında məruzələri dinlənilmişdir.
Konfransda çıxış edən sahibkarlar Azərbaycanda iş adamları üçün sağlam mühit formalaşmasında Ulu Öndərin göstərdiyi xidmətlərdən danışaraq demişlər ki, Heydər Əliyevin müdrikliyi, iradəsi, uzaqgörən siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilmiş, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara üzv olmuş, irimiqyaslı regional layihələrin iştirakçısına çevrilmişdir. Qazanılmış nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı üçün möhkəm zəmin yaratmışdır.
AzərTAc