Mayın 7-də Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (DXDG) Mədəniyyət Evində Azərbaycan xalqının Ümummilli Lideri, dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir.
AzərTAc xəbər verir ki, DXDG-nin kollektivi əvvəlcə Mədəniyyət Evindəki Heydər Əliyev Muzeyində Ulu Öndərin büstü önünə əklil qoymuş, xatirəsini dərin ehtiramla anmışlar.
Sonra mərasim iştirakçıları muzeydə Ulu Öndərin mənalı ömür yolunu, eləcə də Gəmiçiliyin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotoşəkillərə baxmışlar.
Təntənəli mərasimi açan Gəmiçiliyin rəisi Aydın Bəşirov bildirmişdir ki, ümummilli lider Heydər Əliyev hər zaman bütün varlığı ilə xalqının gələcəyini düşünürdü. Böyük Öndər həmişə çalışırdı ki, respublikamız həm iqtisadi, həm də siyasi cəhətdən dünyanın inkişaf etmiş ölkələri sırasında olsun, xalqımız sahib olduğu maddi və mənəvi sərvətlərinin bəhrəsini görsün. "Azərbaycan Respublikasının böyük potensialı var, bu iqtisadi potensialdan səmərəli istifadə etmək bizim vəzifəmizdir", - deyən Heydər Əliyev ölkə iqtisadiyyatının çoxşaxəli inkişafına, müasir infrastrukturun yaradılmasına və gücləndirilməsinə hələ sovetlər dövründə respublikaya rəhbər təyin edilərək başlamışdı. Ölkəmizin sənaye potensialının gücləndirilməsi, o cümlədən nəqliyyat şəbəkəsinin formalaşdırılması da elə həmin illərdə geniş vüsət almışdır.
Gəmiçiliyin rəisi diqqətə çatdırmışdır ki, ötən əsrin 60-cı illərinin sonunda Rusiyada böyük neft ehtiyatlarına malik yataqlar kəşf edildikdən sonra vaxtilə SSRİ iqtisadiyyatında və sənayesində xüsusi yer tutan Bakı neftinə maraq yavaş-yavaş azalmağa başlamışdı. Bu isə Xəzərdə yükdaşımalara da mənfi təsir göstərirdi. SSRİ Dəniz Donanması Nazirliyi Xəzər Dəniz Gəmiçiliyinin rentabelliliyinin aşağı düşməsini bəhanə edir, onun üçün yeni gəmilər tikilməsini lazım bilmirdi. Yalnız 1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin olunandan sonra onun həyata keçirdiyi tədbirlər sayəsində Xəzərdə yükdaşınmasında böyük canlanma başlamışdı. Məhz Ulu Öndərin təkidi ilə Bolqarıstanda, Volqoqradda, Rumıniyada və başqa ölkələrin tərsanələrində yeni tankerlərin və yük gəmilərin tikintisinə sifarişlər verilmişdi. Ümumiyyətlə, Heydər Əliyevin sovetlər dövründə respublikamıza rəhbərlik etdiyi illərdə alınan gəmilər hazırda donanmamızın özəyini təşkil edir.
Ötən əsrin sonlarında ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonra yaşanan xaos və anarxiya, özbaşınalıq dənizçilərin də fəaliyyətinə dağıdıcı təsir göstərirdi. Xalqımızın xahişi və tələbi ilə ikinci dəfə yenidən hakimiyyətə gələn Ümummilli Liderin qətiyyəti, bu sahəyə verdiyi önəm nəticəsində SSRİ-də fəaliyyət göstərən gəmiçiliklərdən yalnız Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyini xilas etmək mümkün oldu. Bu gün iqtisadiyyatımızın mühüm sahələrindən biri olan nəqliyyat donanmasına, dənizçilərə göstərdiyi diqqətə, Gəmiçiliyin son 40-45 illik fəaliyyətinə, bir sözlə, varlığına görə dənizçilər həmişə xalqımızın ümummilli lideri Heydər Əliyevə minnətdar olacaqlar.
Ümummilli Lider dənizçilərə daim diqqət və qayğı ilə yanaşmış, 2003-cü ilin iyulunda imzaladığı Fərmanla 4 dənizçini "Şöhrət" ordeni, 14-ünü isə "Tərəqqi" medalı ilə təltif etmişdir.
Gəmiçiliyin rəisi demişdir ki, bu gün dövlətimizin başçısı İlham Əliyev bütün sahələrdə olduğu kimi, Gəmiçiliyə münasibətdə də Heydər Əliyev kursunu uğurla davam etdirir. Donanmanın təzələnməsi və yükgötürmə imkanlarının artırılması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. İftixarla deyə bilərəm ki, 2004-cü ildən bəri Gəmiçilik 10 iri tonnajlı tanker, 6 gəmi-bərə alıb istismara vermişdir. Bu da özlüyündə böyük göstəricidir.
"Xəzər Dəniz Gəmiçiliyi Donanması Azərbaycan üçün böyük sərvətdir. O, böyük işlər görür və gələcəkdə də görəcəkdir", - deyən Ulu Öndərin bu kəlamı Gəmiçiliyimizin zəngin keçmişini, respublika iqtisadiyyatının inkişafında bugünkü və gələcəkdəki əhəmiyyətli rolunu aydın əks etdirir.
Təntənəli mərasimdə çıxış edən "Şuşa" tankerinin kapitanı Seymur Bayramov, Gəmiçiliyin baş dispetçeri Nəzakət Pənahova, İlham Allahverdiyev adına zavodun Həmkarlar İttifaqı Komitəsinin sədri Məhəbbət Muradov və başqaları Böyük Öndərin DXDG-yə göstərdiyi diqqət və qayğıdan bəhs edərək, dənizçilərin ümummilli lider Heydər Əliyev ideyalarının gerçəkləşməsində bundan sonra da əzmlə çalışacaqlarını vurğulamışlar.
AzərTAc