PDF Oxu

Siyasət

  • 8

Binəqədi rayonunda Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirildi

Binəqədi rayonunda Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirildi

Dünən Binəqədi rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Böyük Vətən müharibəsində qələbənin 68-ci ildönümü münasibətilə müharibə veteranları ilə görüş keçirildi. Tədbir başlamazdan öncə Böyük Vətən müharibəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbiri giriş sözü ilə açan Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov Böyük Vətən müharibəsi iştirakçılarını qələbə günü münasibəti ilə təbrik etdi. Müharibədə Azərbaycan xalqının qəhrəmanlıq və fədakarlıq nümayiş etdirdiyini diqqətə çatdıran V.İsmayılov tarixi qələbədən 68 il keçməsinə baxmayaraq, milyonlarla insanın həmin müharibənin ağrı-acısını hələ də unutmadığını bildirdi: "1941-45-ci illər sovet ordusunda vuruşan Azərbaycanın 600 mindən çox qəhrəman oğul və qızları cəbhələrdə düşmənlə üz-üzə yüksək vətənpərvərlik və qəhrəmanlıq, rəşadət göstərərək onların yarıdan çoxu Vətənin müdafiəsi uğrunda qəhrəmanlıqla həlak olublar". Faşizm üzərində qələbənin əldə olunmasına neft Bakısının da əvəzsiz töhfə verdiyini vurğulayan rayon icra başçısının müavini, neftçilərin fədakarlığını yüksək qiymətləndirdi. O bildirdi ki, 1941-1945-ci illər müharibəsində əvəzsiz rol oynamış və əsil qəhrəmanlıq nümunəsi göstərmiş Azərbaycan xalqının Qələbə Gününü böyük əzmlə qeyd etməyə böyük mənəvi haqqı var.

Binəqədi rayonunda görülən böyük quruculuq və abadlıq işlərinə nəzər salan V. İsmayılov bildirdi ki, rayon rəhbərliyi insanların rifahını yüksəltmək, onların istirahətini səmərəli keçirmək istiqamətində rayon ərazisində istirahət mərkəzləri yaradılır. Belə bir şəraitin mövcudluğu ölkədə hökm sürən əmin-amanlıq, sabitlik, iqtisadi inkişafın məntiqi nəticəsidir.

Tədbirdə Binəqədi rayon Veteranlar Şurasının sədri Telman Hətəmov çıxış edərək ölkə Prezidenti İlham Əliyevin müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danışaraq, minnətdarlığını bildirdi.Daha sonra çıxış edən veteranlar keçdikləri şərəfli döyüş yoluna nəzər saldılar. Zaman keçsə də, bu tarixi qələbənin heç vaxt unudulmayacağına əminliklərini bildirdilər.Vurğulandı ki, gün gələcək, alman faşizmi üzərində qələbə çaldığımız kimi, erməni işğalçıları üzərində qələbə çalacaq və həmin günü böyük vüqarla Qarabağ torpaqlarında bayram ediləcək.

Tədbir iştirakçıları qarşıdan gələn prezident seçkilərində Azərbaycanın yaradıcısı və qurucusu Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan cənab İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklərini bildirdilər.

Tədbirin sonunda faşizm üzərində qələbənin qazanılmasında müstəsna xidmətləri olan 100 nəfər Böyük Vətən müharibəsinin iştirakçısının hər birinə rayon icra hakimiyyəti tərəfindən bayram münasibətilə maddi yardım edildi və onların qayğı və problemləri ilə maraqlanıldı.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər