Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Nəqliyyat Nazirliyi "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşları mayın 7-də Heydər Əliyev Fondunu ziyarət etmişlər.
AzərTAc xəbər verir ki, qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Ümummilli Liderin zəngin irsini öyrənən və təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.
Qonaqlar ümummilli lider Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olmuşlar.
Qeyd olunmuşdur ki, respublikamızın öz müstəqilliyini yenidən əldə edərək daha da möhkəmləndirməsi və bugünkü qüdrətli Azərbaycan dövlətinin yaranması ümummilli liderimiz Heydər Əliyev siyasətinin nəticəsidir. Ulu Öndərin respublikamıza rəhbərliyinin bütün dövrlərində ölkəmizin nəqliyyat-yol kompleksi günbəgün yenilənərək daha da inkişaf etmiş, avtomobil yolları infrastrukturu genişlənmişdir.
"Azəryolservis" ASC-nin əməkdaşları fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, Ulu Öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olmuş, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışdır.
Sonda Fondun qonaqları Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən "Böyük ömrün anları" sənədli filmini izləmişlər.
"Azəryolservis" ASC-nin əməkdaşları Fonddan zəngin təəssüratla ayrılmışlar.
AzərTAc