Xəbər verdiyimiz kimi, mayın 7-də Bakıda Madrid Klubunun və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkil etdikləri Birinci Cənubi Qafqaz Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər. Forumu Misirin İsgəndəriyyə kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açaraq müzakirə olunacaq məsələlər barədə məlumat verdi.
Tədbir iştirakçılarını salamlayan Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə belə mötəbər tədbiri Azərbaycanda təşkil etdiyinə görə Madrid Klubuna təşəkkürünü bildirdi. XX əsrin əvvəllərində müstəqilliyini qazanan, Şərqdə ilk dəfə qadınlara seçib-seçilmək hüququ verən Azərbaycanın 70 il Sovet İttifaqının tərkibində olduqdan sonra ötən əsrin axırlarında yenidən müstəqilliyini bərpa etdiyini vurğulayan dövlətimizin başçısı ölkəmizin ötən müddətdə keçdiyi tarixi yoldan danışdı. Prezident İlham Əliyev Ermənistanın təcavüzkar siyasətinin hələ də davam etdiyini, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmadığını bildirdi və bu baxımdan beynəlxalq təşkilatların effektivliyi məsələsinə toxundu. Cənubi Qafqazda Azərbaycanın və Gürcüstanın münasibətlərini regional əməkdaşlığın gözəl nümunəsi kimi dəyərləndirən dövlətimizin başçısı Ermənistanın beynəlxalq hüquqa zidd mövqeyinin, işğalçılıq siyasətindən əl çəkməməsinin bölgədə əlaqələrin daha da genişləndirilməsinə başlıca əngəl olduğunu vurğuladı. Prezident İlham Əliyev müstəqillik dövründə Azərbaycanın böyük uğurlar qazandığını, son 10 ildə ümumi daxili məhsulun 3 dəfə artdığını, yoxsulluğun 50 faizdən 6 faizə, işsizliyin isə 5 faizə endiyini dedi, əhalinin maddi rifah halının yaxşılaşdığını, özəl bölmənin iqtisadiyyatda həlledici mövqe qazandığını bildirdi. Dövlətimizin başçısı beynəlxalq reytinq agentliklərinin dünyada maliyyə böhranının hökm sürdüyü bir zamanda Azərbaycanın iqtisadi reytinqini artırdıqlarını, Davos Forumunun ölkəmizin rəqabətliliyini yüksək qiymətləndirdiyini dedi. Respublikamızın iqtisadiyyatında keçid dövrünün başa çatdığını deyən Prezident İlham Əliyev hazırda Azərbaycanda qeyri-neft sektorunun daha da inkişafı, şaxələndirmənin və müasir texnologiyaların tətbiqinin xüsusi diqqətdə saxlandığını bildirdi. Dövlətimizin başçısı "Azərspace-1" peykini kosmosa buraxan Azərbaycanın kosmos sənayesinin yaradılması istiqamətində növbəti tədbirləri həyata keçirdiyini dedi. Neftdən gələn gəlirləri insan kapitalına yönəldən respublikamızın hasilatçı, istehlakçı və tranzit ölkələr arasında nümunəvi regional əməkdaşlıq formatı qurduğunu deyən Prezident İlham Əliyev dövlətimizin fəal xarici siyasət yürütdüyünü vurğuladı. Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edən Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməsini respublikamızın müstəqillik illərində apardığı məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsi və ölkəmizin qlobal arenada oynadığı rolun konkret nümunəsi kimi dəyərləndirdi. Azərbaycanda daim multikulturalizmin hökm sürdüyünü və bu baxımdan ölkəmizin təcrübəsinin nümunə olduğunu deyən Prezident İlham Əliyev beynəlxalq səviyyədə qarşılıqlı anlaşma və dözümlülüyə nail olunmasının vacibliyini bildirdi: "Azərbaycan müstəqillik baxımından kifayət qədər gənc ölkədir. Ölkəmizin müstəqil dövlət kimi cəmi 21 yaşı vardır. Azərbaycan böyük tarixə, adət-ənənələrə və mədəniyyətə malik olan ölkədir. Forumun təşkilatçılarından biri Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir. Bu, dahi Azərbaycan şairi Nizaminin adını daşıyır. Dünən mənim bəzi qonaqlarla görüşlərim olub. Onların bəziləri ölkəmizə ilk dəfədir ki, səfər edirlər. Hesab edirəm ki, ölkəmizi daha yaxından tanımaq onlar üçün daha da maraqlı olardı. İştirakçılar arasında çoxdankı dostlarımız vardır. Bu Forumu Bakıda keçirdiyinə görə Madrid Klubuna xüsusi təşəkkürümü bildirmək istəyirəm.
Azərbaycan gənc müstəqil ölkədir. Lakin XX əsrin əvvəlində dövlətçiliyimizin qısa tarixi olub. Həmin vaxt Azərbaycan Rusiya imperiyasının süqutu nəticəsində müstəqilliyini qazandı. Müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaradılıb. İlk demokratik respublika 1918-ci ildən 1920-ci ilə qədər yaşadı. Baxmayaraq ki, bu, kiçik bir dövr idi, lakin bir çox islahatları həyata keçirmək mümkün oldu. Bunlar müasir, müstəqil Azərbaycanın inkişafı üçün zəmin yaratdı. Bu islahatlardan biri qadınlara seçib-seçilmək hüququnun verilməsi oldu. Bu, həmçinin Azərbaycan cəmiyyətinin inkişaf səviyyəsini göstərdi. Bundan sonra Sovet İttifaqı dövrü başladı. Bu halda biz müstəqil deyildik. Azərbaycan xalqı 70 il ərzində Sovet İttifaqı daxilində yaşadı. Sovet İttifaqının dağılmasından sonra bizə dövləti yaratmaq üçün ikinci şans nəsib oldu. Həmin vaxt bizim bu şansı itirməyə haqqımız yox idi."
Prezident İlham Əliyev daha sonra bildirib ki, müstəqilliyin ilk illəri - 1991-1993-cü illər zorakılıq, iqtisadi durğunluq və böhran xalqımız üçün böyük fəlakətə çevrilən Ermənistanın Azərbaycana qarşı təcavüzü və vətəndaş qarşıdurması ilə müşayiət olunurdu: "Həmin dövrün bir çox çətinliklərindən çıxmağımıza və ölkəmiz üçün keçid dövrünün başa çatmasına baxmayaraq, Ermənistanla Azərbaycan arasında həll olunmamış münaqişə nəinki bizim üçün, həmçinin regional inkişaf, sülh və sabitlik üçün ən böyük hədədir. Biz münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə həll edilməsini istəyirik. Biz beynəlxalq ictimaiyyətin tanıdığı ərazi bütövlüyümüzün bərpasını istəyirik. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi, Azərbaycanın qədim torpağıdır. İyirmi ildən artıqdır ki, nəinki Dağlıq Qarabağ, həmçinin onun ətrafındakı 7 rayon da Ermənistanın işğalı altındadır. Artıq iki on illikdən çoxdur ki, bu işğal davam edir. Beynəlxalq təşkilatlar işğalçı qüvvələrin çıxmasını tələb edən qətnamə və qərarlar qəbul ediblər. Onların arasında mən Azərbaycan ərazilərindən erməni qoşunlarının qeyd-şərtsiz və dərhal çıxmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qeyd etmək istəyirəm. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilməyib. Burada biz beynəlxalq təşkilatların və qətnamələrin effektivliyi kimi mühüm məqama gəlib çıxırıq. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri 20 ildən çoxdur ki, yerinə yetirilməyib. Biz ölkəmizi gücləndirməkdə davam edəcəyik. Siyasi və iqtisadi islahatların həyata keçirilməsini davam etdirəcəyik. Nə qədər güclü olsaq, münaqişəni bir o qədər tez həll edə bilərik. Sülh bundan sonra regionda bərqərar ola bilər. Bu gün Cənubi Qafqaz haqqında danışdıqda deyə bilərik ki, Gürcüstan ilə Azərbaycan arasında gözəl əməkdaşlıq nümunəsi vardır. Lakin Cənubi Qafqazın digər dövləti ilə çox mənfi münasibətlərimiz mövcuddur. Buna görə regionda davamlı inkişafı təmin etmək üçün əlbəttə ki, Cənubi Qafqaz daha çox inteqrasiya olunmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll edilmədən və Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri azad olunmadan bu, mümkün deyildir.
Bu çətinliyə və Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyana baxmayaraq, biz güclü ölkə qurmaq və insanlarımızın rifahını yaxşılaşdırmaq kimi məqsədlərə sadiq qalmışıq. Bir sözlə, 1990-cı illərin ortalarından biz diqqətimizi siyasi və iqtisadi islahatlara yönəltdik. Bu proses davam edir. Siyasi baxımdan Azərbaycan inkişaf edir, çünki müstəqilliyimizi qazandıqdan əvvəl heç bir siyasi sistem mövcud deyildi. Hazırda bizim bütün siyasi təsisatlarımız vardır, beynəlxalq ictimaiyyətin üzvüyük. Biz siyasi islahatları həyata keçiririk və cəmiyyətimizin daha da demokratikləşməsi bizim üçün əsas prioritetdir.
Biz tam əminik ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparmalıyıq. Uzunmüddətli inkişafa nail olmaq üçün bu islahatlar bir-birini dəstəkləməlidir. İqtisadi islahatlara gəldikdə, biz müstəqillik vaxtlarından böyük irəliləyişə nail olmuşuq. Yalnız son 10 ildə ümumi daxili məhsul 300 faiz artıb. Fikrimcə, bu, dünya rekordudur. Eyni zamanda, biz yoxsulluğu 50 faizdən 6 faizə qədər azalda bildik. İşsizliyi 5 faizə qədər azaltdıq. Azərbaycanda 1 milyondan çox iş yeri yaradılıb. Həmçinin, iqtisadiyyatımızı şaxələndirdik. Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq maliyyə təsisatlarının diqqətindən yayınmamışdır. Əsas beynəlxalq maliyyə təsisatlarının verdiyi qiymət çox müsbətdir. Hətta iqtisadi və maliyyə böhranı illərində "Fitch", "Standard and Poor’s", "Moody’s" kimi beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini artırmışdır. Davos İqtisadi Forumu qlobal rəqabət qabiliyyətliliyi indeksinə görə Azərbaycanı 46-cı yerdə yerləşdirib. Bu, islahatların təcəssümüdür. Biz əsas iqtisadi islahatları həyata keçirə bildik və artıq qeyd etdiyim kimi, iqtisadi inkişaf baxımından keçid dövrü başa çatıb. Hazırda iqtisadiyyatımızın 83 faizi özəl sektor tərəfindən təmin edilir. Özəl sektor çox güclüdür və iqtisadi baxımdan Azərbaycanın gələcək inkişafı çox cəlbedici görünür. Hazırda əsas diqqətimizi qeyri-enerji sektoruna yönəldirik. Bildirdiyim kimi, iqtisadiyyatın şaxələndirilməsi bir nömrəli hədəfdir. Böyük məmnunluqla bəyan edə bilərəm ki, 2013-cü ilin ilk 3 ayında qeyri-enerji sektorunda inanılmaz artım müşahidə olunub. Bu artım 11 faizdən çoxdur. Bu, o deməkdir ki, kənardan və daxildən cəlb etdiyimiz sərmayələr iqtisadiyyatın şaxələndirilməsinə yönəldilib. Çünki şaxələndirmə olmadan uğur qazana bilmərik. Biz müasir texnologiyalara böyük investisiyalar yatırırıq. Bu il mühüm hadisə baş verdi. Azərbaycanın ilk "Azərspace-1" peyki fəzaya buraxıldı. Bu, Azərbaycanda kosmos sənayesinin başlanğıcıdır. "Azərspace-1" o deməkdir ki, "Azərspace-2", "Azərspace-3" və digərləri olacaqdır. Biz Azərbaycanda güclü kosmos sənayesinin qurulması üçün beynəlxalq tərəfdaşlarımızla işləyirik. Enerji sektoru iqtisadiyyatımızın mühüm hissəsi olaraq qalır. Bu da təbiidir. Uzun illər və onilliklər ərzində Azərbaycan neft ölkəsi kimi tanınıb. Hazırda isə Azərbaycan qaz hasilatçısı kimi tanınır. Enerji sektoruna qoyulan investisiyalar bizə Azərbaycanda olduqca müsbət sərmayə mühitini yaratmağa imkan verdi. Adambaşına xarici sərmayələrin həcminə görə Azərbaycan regionda ən yüksək göstəriciyə malikdir."
İordaniya Kraliçası Nur Bakıda olmağından son dərəcə məmnunluğunu ifadə etdi. İçərişəhərin nadir memarlıq nümunələrinə və Bakının müasir simasına valeh olduğunu deyən xanım Nur Azərbaycan paytaxtını Şərqin Parisi adlandırdı. O, Azərbaycanı həm də müxtəlif mədəniyyətlərin qovuşduğu mühüm məkan kimi dəyərləndirdi. Nizami Gəncəvinin əsərləri ilə yaxından tanış olduğunu bildirən qonaq dahi şairin "Xəmsə"sinin müasir dövrdə də aktuallığını itirmədiyini söylədi. Xüsusilə Nizaminin poemalarında qadının cəmiyyətdə rolu, ədalətli hökmdar, müharibələrə nifrət, insanpərvərliyin tərənnümü kimi mövzuların bu gün də öz dəyərini saxladığını vurğuladı. Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Sovet İttifaqının tərkibində olmuş respublikaların müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yolunda qarşılaşdıqları çətinliklərdən danışdı. Bildirdi ki, həmin ölkələrin keçmişin stereotiplərindən azad olmaları üçün dövlət başçıları səylərini artırmalıdırlar. "Hər bir ölkənin, hər bir xalqın azad olmağa mənəvi haqqı var", - deyən Freyberqa ölkələrin ərazi bütövlüyünün müasir dünyada əsas məsələlərdən olduğunu vurğuladı. Bəzi ölkələrin işğal siyasəti ilə üzləşdiyini deyən qonaq demişdir ki, BMT bu məsələdə daha həssas olmalı və yalnız sanksiyalarla kifayətlənməməlidir. Xanım Freyberqa bu mühüm və qlobal məsələlərin Bakıda müzakirəsi üçün yaradılan şəraitə və səmimi qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Niderlandın keçmiş Baş naziri, Madrid Klubunun prezidenti Vim Kok bildirdi ki, sabiq liderlərin üzv olduğu klubun əsas məqsədi demokratik ideyaları təbliğ etməkdir. Ölkəmizin Cənubi Qafqazda özünəməxsus yer tutduğunu deyən Vim Kok qeyd etdi ki, burada müxtəlif mədəniyyətlərə mənsub insanlar bir yerdə yaşayır və bu kontekstdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti alqışlanmalıdır. Madrid Klubu ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlığın bundan sonra daha da dərinləşəcəyinə əminliyini bildirən Vim Kok gələcəkdə hansı ideyaların həyata keçirilməsi ilə bağlı məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyinə diqqəti yönəltdi. Belə bir forumun keçirilməsini aktual təşəbbüs kimi qiymətləndirən qonaq bir daha Azərbaycan tərəfinə bu tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə minnətdarlığını bildirdi.