Mayın 7-də Yeni Azərbaycan Partiyası ilə Heydər Əliyev Mərkəzinin birgə hazırladığı "Heydər Əliyev - Ömür Yolu" kitabının təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
YAP idarə heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə kitabın məziyyətləri haqqında danışaraq demişdir ki, kitablar bizim dünənimizdən, bu günümüzdən və gələcəyimizdən xəbər verir. Heydər Əliyev haqqında yazılan kitablar eyni zamanda Azərbaycan tarixini də özündə əks etdirir. Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycana yeni bir eraya qədəm qoymuşdur. Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrilmişdir. Bu heç də asan başa gəlməmişdir. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük əmək sərf olunmuşdur. Odur ki, biz Heydər Əliyevin əsəri olan bugünkü Azərbaycanı qorumalı, onu gələcək nəsillərə çatdırmalıyıq. Hələ ötən əsrin 70-ci illərində respublikaya rəhbərlik edən Heydər Əliyev zavod və fabriklərin açılışında iştirak etmiş, minlərlə məktəbin, xəstəxananın, mədəniyyət müəssisəsinin təməlini qoymuşdur. Bütün bunlar fotoşəkillərlə kitabda öz əksini tapmışdır.
Müstəqil Azərbaycana rəhbərlik edən Ulu Öndər quruculuq siyasətini davam etdirərək yenə açılış və təməlqoyma mərasimlərində iştirak etmişdir. Lakin dövrün xüsusiyyətinə uyğun olaraq Ümummilli Lider bu dəfə tamamilə yeni layihələrin təşəbbüskarı və müəllifi kimi çıxış etmişdir. Kitabda yeni dövrü əks etdirən fotolar arasında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlqoyma mərasimini və buna bənzər digər anları yaşadan fotoşəkillər xüsusi yer tutur. Bütün bunlar yeni tariximizin öyrənilməsi və təbliğində əhəmiyyətli rola malikdir.
Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın nüfuzunu dünya miqyasına yüksəltmişdir. Bu yüksəliş siyasi strategiyanın möhkəm əsasları üzərində bərqərar olmuşdur. Azərbaycanda 1990-cı illərin əvvəllərində ictimai-siyasi sabitlik yaratmaq, dünyanın diqqətini Azərbaycana yönəltmək, iqtisadi islahatlara geniş meydan vermək, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq sadəcə olaraq cari tədbirlərin nəticəsi deyildir. Heydər Əliyev ilk növbədə Azərbaycanın dünyadakı yerini və qlobal siyasətdəki rolunu müəyyənləşdirmiş, bölgədə marağı olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq qura bilmişdi. Dünyanın siyasi xəritəsinə nəzər yetirsək, Azərbaycanın ərazicə kiçik dövlət olduğunu görərik. Lakin bu kiçik dövlət bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Milli Məclisin deputatı, professor Nizami Cəfərov Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərdən danışaraq demişdir ki, o zaman dünyanın siyasi arenasında elə hadisələr baş verirdi ki, bu hadisələrin mahiyyətini yalnız Heydər Əliyev başa düşürdü. Ümummilli Liderin bu qabiliyyəti qaynar siyasi proseslərdən düzgün nəticələr çıxarmasına imkan yaradırdı. Heydər Əliyev ona görə Ümummilli Lider səviyyəsinə yüksəlmişdir ki, o, daim qalib gəlirdi. Heydər Əliyevin qələbələrinin mənbəyində dayanan qüvvə Azərbaycan xalqı idi. O, ən gərgin anlarda belə xalqına arxalanaraq, onu irəliyə aparır və qalib gəlirdi. Kitabda mətndən çox fotolara yer verilməsinin mühüm önəm daşıdığını bildirən N.Cəfərov demişdir ki, bu kitabı fotoşəkillərdən ibarət povest də adlandırmaq olar. Çünki Heydər Əliyevin obrazı, iş üsulu daha aydın şəkildə nəzərə çarpır. Xüsusən gənclər bu kitabdan daha çox faydalanacaqlar. Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il müddətində saysız-hesabsız görüşlər keçirmiş, xarici dövlətlərə səfərlər etmiş, dünya siyasətini müəyyən edən beynəlxalq təşkilatların tribunalarından nitqlər söyləmişdir. Bu kitab məhz ona görə qiymətli mənbə hesab olunur ki, bütün bunlar yazı dili ilə deyil, fotolarla oxuculara çatdırılır.
Daha sonra çıxış edən Heydər Əliyev Mərkəzinin direktor müavini Adil Kərimov bildirmişdir ki, dünya azərbaycanlılarının bir araya gətirilməsi, diasporumuzun formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Heydər Əliyev Mərkəzinin başlıca məqsədi bu görkəmli dövlət xadiminin zəngin irsini gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Hər bir xalqın tarixində görkəmli siyasi xadimlər olmuşdur. Lakin ən ağır məqamda xalqı səfərbər etmək, bir tərəfdən düşmən təcavüzünün qarşısını almaq, digər tərəfdən isə yeni dövlət quraraq ölkəsini dünyada tanıtmaq heç də hər kəsə nəsib olmamışdır. Bu güclü şəxsiyyətin həyat yolu və mübarizəsi kitablar vasitəsilə gənc nəslə ona görə çatdırılmalıdır ki, onlar fərd kimi deyil, şəxsiyyət kimi formalaşsınlar. Odur ki, Ulu Öndərin həm SSRİ dövründə, həm də müstəqillik illərində Azərbaycanda gördüyü işlər təkcə yazlarla yox, eyni zamanda fotolardan ibarət kitablar vasitəsilə yetişməkdə olan gənclərə çatdırılmalıdır. Bunu Azərbaycanın dövlət maraqları tələb edir.
Tədbirdə Milli Məclisin üzvləri, ziyalılar, ictimaiyyətin nümayəndələri və gənclər iştirak etmişlər.
AzərTAc