PDF Oxu

Siyasət

  • 14

Qubadlılılar ən böyük azərbaycanlı, ulu öndər Heydər Əliyevin xatirəsinə dərin ehtiramlarını ifadə etmişlər

Qubadlılılar ən böyük azərbaycanlı, ulu öndər Heydər Əliyevin xatirəsinə dərin ehtiramlarını ifadə etmişlər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Qubadlı rayonunda silsilə tədbirlər keçirilmiş, rayon məktəbliləri arasında inşa, musiqi məktəblərinin şagirdləri arasında mahnı müsabiqələri, bilik və idman yarışları, şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi-müsabiqələr təşkil edilmişdir.

AzərTAc xəbər verir ki, mayın 7-də Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş ümumrayon tədbiri keçirilmişdir.

Tədbirdən əvvəl Ulu Öndərin Sumqayıtda yerləşən rayon icra hakimiyyətinin inzibati binasının foyesində qoyulmuş büstünün önünə rayon rəhbərliyi, həmçinin idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri tərəfindən gül dəstələri düzülmüşdür.

Sonra tədbir Sumqayıt şəhərindəki "28 May" mədəniyyət evində davam etdirilmişdir. Tədbir iştirakçıları mədəniyyət evinin foyesində Ümummilli Liderin doğum günü münasibətilə təşkil olunan sərgi ilə tanış olmuşlar. Sərgidə Heydər Əliyevin kitabları, Ümummilli Lider haqqında yazılan çap materialları, həmçinin Qubadlı rayon məktəblilərinin rəsm əsərləri və əl işləri nümayiş etdirilmişdir.

Tamaşa zalında davam edən tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film göstərilmişdir.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı məruzəsində Ümummilli Liderin titanik fəaliyyətindən bəhs etmişdir. Ulu Öndərin fəaliyyətinin hər bir sahəsinin fundamental tədqiqat mövzusu olduğunu qeyd edən natiq bildirmişdir ki, hələ sovet dövründə Azərbaycana məharətlə rəhbərlik edən ümummilli lider Heydər Əliyev ölkəni sürətli inkişaf yoluna çıxarmaqla güclü elmi, iqtisadi və mənəvi potensial yarada bilmişdir. Başlıcası isə xalqın qəlbində, arzu və istəklərində, yüz illərlə yaşayan azadlıq və müstəqillik ideyalarının həyati tələbat kimi formalaşmasına zəmin yaratmışdır.

İcra hakimiyyətinin başçısı vurğulamışdır ki, xalqın təkidli tələbi ilə müstəqil Azərbaycan Respublikasında hakimiyyətə gələn görkəmli dövlət və siyasi xadim Heydər Əliyev ağır günlərdəki, illərdəki fəaliyyətinin xronikasını nəzərdən keçirən hər kəs onun sarsılmaz siyasi iradəsinə, idarəçilik məharətinə, müdrik qərarlar qəbul etmək səriştəsinə heyran qalmaya bilmir.

Diqqətə çatdırılmışdır ki, Ulu Öndər Azərbaycanın müstəqil dövlətçiliyinə qənim kəsilən xarici və daxili qüvvələri məharətlə zərərsizləşdirdi. Müstəqil dövlətin əsl mənada qurulması, onun iqtisadi, hərbi, mədəni potensiallarının hərəkətə gətirilməsi üçün vacib şərt olan əmin-amanlıq şəraiti yaratdı. Dövrün burulğanlı, təlatümlü çağında böyük siyasi müdrikliyi, siyasi məharəti, gözlənilməz siyasi gedişləri ilə tarixin yaddaşında əbədi yaşayacaq liderin fəaliyyəti zaman keçdikcə öz dəyərini göstərməkdədir və bunlar zaman-zaman elmi araşdırmaların mövzusu olacaqdır.

Daha sonra rayon rəhbəri qeyd etmişdir ki, ölkənin iqtisadi inkişafı ilə yanaşı, xalqın mədəni səviyyəsinin yüksəldilməsi Ulu Öndərin siyasətində həmişə öncül yerdə dayanmışdır. O, öz xalqının dünya xalqları içərisində ön, qabaqcıl yerdə qərar tutmasının yolunu mədəniyyətin inkişafında görürdü.

Erməni işğalı ilə əlaqədar yurd-yuvalarından didərgin düşən insanlara, torpaqlarımızın təcavüzdən qorunması yolunda şəhid olan döyüşçülərimizin ailələrinə göstərdiyi səmimi, doğma münasibət həm ölkə rəhbəri kimi, həm də yüksək insani keyfiyyətlərə malik böyük şəxsiyyət kimi Ulu Öndərin ucalığından, əlçatmazlığından xəbər verir.

Tədbirin əlamətdar bayram - faşizm üzərində Qələbə Günü ərəfəsində keçirildiyini bildirən Malik İsaqov bu bayram münasibətilə veteranları təbrik edərək ümummilli lider Heydər Əliyev tərəfindən müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərildiyini diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, onun ideya və strategiyasını yeni tarixi şəraitə uyğun yaradıcılıqla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev bu gün ölkəmizi çiçəklənən bir diyara çevirmişdir.

Tədbirdə Parisdəki "Azərbaycan evi"nin rəhbəri, əslən Qubadlıdan olan Mirvari Fətəliyeva çıxış edərək Azərbaycanın dünyada tanıdılması istiqamətində Ulu Öndərin gördüyü işlərin uğurlu nəticələrindən danışmışdır. O, ümummilli lider Heydər Əliyevin dövlət başçısı kimi ilk xarici səfərini Fransaya etməsinin bu ölkədə xoş xatirə kimi qaldığını diqqətə çatdırmışdır.

Mirvari Fətəliyeva hazırda Ulu Öndərin balanslaşdırılmış xarici siyasətinin uğurla davam etdirilməsində Prezident İlham Əliyevin misilsiz xidmətlərini vurğulamışdır. Bildirmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Mehriban Əliyevanın Fransa dövlətinin ali mükafatı ilə təltif edilməsi bu siyasətin bariz nümunəsidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Sevi Sevdimalıyev Heydər Əliyev ilə bağlı təəssüratlarını Ümummilli Liderə həsr etdiyi poeziya nümunələri ilə ifadə etmişdir.

Tədbirdə 1941-1945-ci illər müharibəsinin bir qrup iştirakçısına mükafatlar verilmiş, Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş müsabiqə və yarışların qaliblərinə fəxri fərmanlar təqdim edilmişdir.

Tədbir respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı geniş konsert proqramı ilə yekunlaşmışdır.

AzərTAc

Digər xəbərlər