Ağcabədi rayonunun Taxtakörpü ərazisində yerləşən Laçın Rayon İcra Hakimiyyətində xalqımızın müdrik oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri əvvəlcə dahi rəhbərin Taxtakörpü qəsəbəsindəki büstü önünə tər çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxmışlar.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısının müavini İlham Quliyev "Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusudur" mövzusunda məruzə etmişdir. Məruzə və çıxışlarda ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən, danışılmış, dahi rəhbərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılmışdır.
Tədbirdə Ümummilli Liderin 90 illik yubileyi münasibətilə keçirilmiş inşa müsabiqəsinin, sərbəst güləş, şahmat, voleybol, mini futbol və cüdo yarışlarının qaliblərinə diplom və hədiyyələr verilmişdir. Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmuş bir qrup gəncə partiyanın vəsiqələri təqdim olunmuşdur.
AzərTAc