Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Pakistanda keçirilən silsilə tədbirlər çərçivəsində bu ölkənin Milli Kitabxanasında "Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri və Azərbaycan-Pakistan münasibətləri" mövzusunda seminar və Heydər Əliyev otağının açılış mərasimi keçirilmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə Pakistanın Milli kitabxanasının direktoru, Kayde Azam, Müasir Dillər, Pəncab, Preston universitetlərinin rektorları, tanınmış alimlər, diplomatik korpusun nümayəndələri, jurnalistlər və s. iştirak etmişdirlər.
Seminarda Pakistanın Milli Kitabxanasının direktoru Məhəmməd Nazir Çoudri ömrünü Azərbaycanın daimi inkişafına həsr etdiyi, müstəqil dövlətinin memarı və qurucusu, xalqın xilaskarı ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdır. O, dahi şəxsiyyət Heydər Əliyevin Pakistan-Azərbaycan münasibətlərinin qurulmasında, ölkələrimiz arasında əlaqələri inkişaf etdirərək strateji əməkdaşlıq səviyyəsinə çatdırılmasında müstəsna rolundan danışmışdır.
Ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolu və fəaliyyəti haqqında danışan Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov vurğulamışdır ki, Ulu Öndər qüdrətli dövlət qurmaqla və onun sürətli sosial-iqtisadi inkişafının möhkəm əsaslarını formalaşdırmaqla bərabər, həm də Azərbaycanın xarici siyasətinin, dünyanın aparıcı ölkələri və beynəlxalq təşkilatları ilə əlaqələrinin milli maraqlara, uzaqgörən siyasi perspektivlərə əsaslanan xətt üzrə inkişafını təmin etmişdir.
Kayde Azam Universitetinin siyasət və beynəlxalq əlaqələrin direktoru, professor Lubna Abid Ali də ulu öndər Heydər Əliyevin Pakistan-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfələrindən danışmışdır. Bildirmişdir ki, məhz ulu öndər Heydər Əliyevin 1995-ci və 1996–cı illərdə müvafiq olaraq Pakistanın Prezidenti Fərrux Əhməd Xan Leqari və Baş naziri Benazir Bhutto ilə görüşləri nəticəsində ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən bir çox sənədlər imzalanmışdır.
"Diplomatik İnsight" jurnalının baş redaktoru Asif Nur isə ulu öndər Heydər Əliyevin müstəqil müasir Azərbaycanda apardığı quruculuq işləri, neft strategiyası, elm və təhsilin inkişafı, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi istiqamətində gördüyü işlərdən danışmışdır.
Seminardan sonra iştirakçılar Heydər Əliyev otağının açılış mərasimində iştirak etmişlər.
Otaqla tanış olan tədbir iştirakçıları burada Heydər Əliyevin şərəfli həyat yoluna və fəaliyyətinə aid çoxsaylı fotoşəkillər, Ulu Öndər haqqında ingilis və urdu dillərində nəşr edilmiş kitablar, qəzet və jurnal materialları ilə tanış olmuşlar.
AzərTAc