"Azərbaycanın iqtisadi inkişafı böyük təəssürat yaradır". SİA-nın məlumatına görə, bu sözləri Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunda iştirak edən Latviya Respublikasının sabiq Prezidenti xanım Vaira Vike Freiberga deyib.
Dialoq, müzakirə, debatların keçirilməsi baxımından forumun əhəmiyyətinə toxunan Latviya Respublikasının sabiq Prezidenti belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin hazırkı və sabiq prezidentlərinin iştirakını Azərbaycanın həm də həmin ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfə olacağını vurğulayıb.
Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində uğurlu əməkdaşlığını yüksək qiymətləndirən Vaira Vike Freiberga ölkəmizin geosiyasi mövqeyinin bütün dövlətlər üçün açıq olduğunu qeyd edərək demişdir: "Hazırda burada bir sıra irimiqyaslı layihələr həyata keçirilməkdədir. Şərqdə ilk demokratik respublika məhz Azərbaycanda yaradılıb. Ölkəniz, həmçinin qadınlara səsvermə hüququ verən ilk ölkədir. Azərbaycanda müxtəlif dinlərə məxsus insanların ibadət etməsi üçün sinaqoq, kilsə və məscidlərin mövcudluğu bir daha ölkənizin bütün dinlərə sayğı ilə yanaşdığını nümayiş etdirir. Dövlət və din arasında münasibətlər müvəffəqiyyətlə tənzimlənir".
Azərbaycanın Avropa İttifaqında istər siyasi, istər mədəni sahələrdə sadiq dostlarının olduğunu bildirən Vaira Vike Freiberga hər bir azərbaycanlının fəxr edə biləcəyi tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənəsi olduğunu söyləyib.
Latviya Respublikasının sabiq Prezidenti Azərbaycan iqtisadiyyatının və əməkdaşlığa yönəldilmiş səylərin digər ölkələr üçün nümunə olduğunu vurğulayıb.
sia.az