Milli Məclis tərəfindən hazırlanan "Parlament tariximizin Heydər Əliyev dövrü" adlı kitab çapdan çıxıb. Kitabın məsul redaktoru Milli Məclisin sədri Oqtay Əsədov, tərtibatçıları isə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və Milli Məclisin mətbuat katibinin müavini Mehman Qayıbovdur. SİA-nın məlumatına görə, kitab Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə nəşr olunub. Kitab Prezident İlham Əliyevin Ulu Öndərin 90 illik yubileyinin qeyd olunması haqqında Sərəncamı ilə açılır. Nəfis tərtibatlı kitabın hazırlanması zamanı Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərini, o cümlədən parlament quruculuğu sahəsində fəaliyyətini əks etdirmək arzusu əsas götürülüb.
Dörd fəsildən ibarət kitabın "Siyasi müdrikliyin Heydər Əliyev zirvəsi" adlı birinci fəslində görkəmli dövlət xadiminin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi illərdə parlamentin o dövrdəki imkanlarından məharətlə istifadə edərək respublikanın hərtərəfli inkişafı və gələcək müstəqillik üçün möhkəm zəmin yaratması istiqamətində göstərdiyi misilsiz xidmətlər öz əksini tapıb. Bu fəsildə Ulu Öndərin Moskva fəaliyyəti, 20 Yanvar faciəsi ilə bağlı düşüncələri və bu qanlı hadisəyə siyasi qiymət verilməsi yönümündə atdığı məqsədyönlü addımlar geniş işıqlandırılıb.
"Milli qurtuluş savaşının ön cərgəsində" adlı ikinci fəsil Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrünə həsr olunub. Bu fəsildə Ulu Öndərin muxtar respublikada milli dövlətçilik ənənələrimizin bərpası və müstəqilliyin əldə edilməsi uğrunda apardığı mübarizədən bəhs edilib.
Kitabın "Müstəqil Azərbaycan naminə" adlı üçüncü fəsli Heydər Əliyevin Ali Sovetin Sədri kimi fəaliyyətinə və sonrakı mərhələdə onun rəhbərliyi ilə ölkədə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində görülən işlərə həsr olunub.
"Bu günümüz və parlamentimiz" adlı dördüncü fəsildə İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycanın qazandığı uğurlar, ölkədə aparılan islahatlar, yeni mərhələdə qanunvericilik sahəsində əldə edilmiş nailiyyətlər əksini tapıb.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
sia.az