Şəki Şəhər İcra Hakimiyyətində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Şəki özü bir muzeydir" mövzusunda respublika elmi-praktiki konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, Şəkinin Mədəni İrsinin Qorunmasına Dəstək İctimai Birliyinin və Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdikləri konfransda respublikanın tanınmış alimləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül-çiçək düzərək, xatirəsini ehtiramla yad etmiş, Ulu Öndərə həsr olunmuş filmə baxmışlar.
Konfransda qeyd olunmuşdur ki, xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən olan Heydər Əliyev təkcə Azərbaycanın deyil, bəşəriyyətin tarixinə dahi siyasətçi kimi daxil olmuşdur. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı naminə gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bildirilmişdir ki, respublikanın hər yerində olduğu kimi, Şəki şəhərində də Ulu Öndərin anadan olmasının 90 illiyi silsilə tədbirlərlə qeyd olunur. Keçirilən tədbirlərdə Ulu Öndərin Vətən və xalq qarşısındakı tarixi xidmətləri bir daha xatırlanır, onun siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi məmnunluqla vurğulanır.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış edərək Ulu Öndərin milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına verdiyi əvəzsiz töhfələrdən danışmış, Ümummilli Liderin 2002-ci ilin noyabrında Şəkiyə səfəri, keçirdiyi görüşlərlə bağlı xatirələrini bölüşmüşdür.
Konfransın plenar iclasının birinci bölməsində "Heydər Əliyev və Şəkinin sosial-iqtisadi inkişaf tarixi", "Şəkinin arxeoloji abidələri haqqında", "Şəkinin tarixi qalaları", "Orta əsr Şəki xanlığı", "Şəkinin orta əsr tarixi abidələri", "XVIII əsr Şəki sənətkarlığı" və digər mövzularda məruzələr dinlənilmişdir.
Konfransın ikinci bölməsində "Şəkinin tarixi abidələrinin regionda turizmin inkişafında rolu", "Dünya Bankının Şəkinin tarixi abidələrinin bərpası layihələrinin həyata keçirilməsində Heydər Əliyevin rolu", "Heydər Əliyevin Azərbaycançılıq məfkurəsində ədəbiyyat və dil məsələləri" və digər mövzularda məruzələr dinlənilmiş, çıxışlar olmuşdur.
Gündəliyə uyğun olaraq elm adamları və qonaqlar Şəkinin qədim tarixi abidələri ilə tanış olmuşlar.
AzərTAc