Almatı və Bişkekdəki KİV-də Azərbaycanın siyasi və mədəni həyatı ilə əlaqədar materiallar çap edilmişdir.
Almatıdakı turkelpress.con internet qəzeti rus dilində "Bakıda Birinci Cənubi Qafqaz Forumu işə başlamışdır. Azərbaycan Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak etmişdir" sərlövhəli materialı rus dilində çap etmişdir. Materialda Azərbaycan Prezident İlham Əliyevin nitqi də yer almışdır. Orada, həmçinin
İordaniya Kraliçası Ülyahəzrət Nur, Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin həmsədri xanım Vayra Vike-Freyerberqa və Niderlandın keçmiş Baş naziri, Madrid Klubunun prezidenti Vim Kokun çıxışlarının mətnləri də verilmişdir.
Bişkekdə türk, rus və ingilis dillərində çıxan "TÜRKEL" qəzetinin növbəti sayında isə Azərbaycan Prezidenti İlham Əliyevin "Atletiko Madrid" futbol komandasının heyəti ilə görüşü, xüsusən də Arda Turanla söhbəti yer almışdır.
Qəzet ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı Azərbaycanın Qırğızıstandakı səfirliyinin qırğız-türk "Manas" Universiteti ilə birgə keçirdiyi konfransla əlaqədar AzərTAc-ın materialını da türk dilinə tərcümə edərək yaymışdır.
Nəşrdə "Xalq qəzeti"nin əməkdaşı, filologiya elmləri doktoru Almaz Ülvinin Yunus Emrə haqqında geniş məqaləsi də türk dilində çap olunmuşdur.
Qəzetdə bu günlərdə Almatıda Əfqanıstan problemləri ilə bağlı keçirilən "İstanbul prosesi" görüşü haqqında da geniş yazı verilmişdir.
AzərTAc