Mayın 8-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Ümummilli Lider, dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov və Fondun kollektivi əvvəlcə foyedə Ulu Öndərin büstü önünə əklil qoymuş, xatirəsini dərin ehtiramla anmışlar.
Tədbiri giriş nitqi ilə açan Fondun İcraçı direktoru Şahmar Mövsümov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının, onun uzaqgörən siyasəti nəticəsində imzalanan "Əsrin müqaviləsi"nin ölkəmiz üçün əhəmiyyətindən, respublikamızda aparılan mühüm sosial-iqtisadi islahatlardan bəhs etmişdir. Bildirilmişdir ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra hərbi təcavüz, daxili çəkişmələr və iqtisadi çətinliklər ilə üzləşmişdi. Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra qısa müddət ərzində sabitlik bərpa olunmuş və ölkənin iqtisadi imkanlarının səfərbər edilməsi, neft və qaz sənayesinə xarici investisiyaların cəlb olunması məqsədi ilə cəsarətli siyasi addımlar atılmışdır. "Əsrin müqaviləsi" də bu baxımdan ölkə iqtisadiyyatının inkişaf etdirilməsində, xalqın sosial rifahının yaxşılaşdırılmasında mühüm rol oynamışdır. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artmış, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verilmişdir. Dahi siyasətçinin təşəbbüsü ilə bağlanmış bu müqavilə Azərbaycan tarixində yeni eranın əsasını qoymuşdur. "Əsrin müqaviləsi"nin imzalanması ilə yeni milli neft strategiyası həyata keçirilməyə başlanmışdır.
Neft strategiyasından bəhs edən Ş.Mövsümov bildirmişdir ki, bu strategiyanın mühüm tərkib hissələrindən biri xarici şirkətlər ilə birlikdə hasil olunan neft və qazın irihəcmli nəqlini və xarici bazarlara ixracını təmin edən çoxşaxəli boru nəqliyyat infrastrukturunun yaradılmasıdır. Bu baxımdan Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərlərinin yenidən qurulmasını Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas neft-qaz ixrac boru kəmərlərinin çəkilməsini xüsusi vurğulamaq olar. Milli Neft Strategiyasının uğurla reallaşması nəticəsində ölkənin karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı və ixracı ildən-ilə genişlənmiş və bunun sayəsində dövlətimizin valyuta ehtiyatları sürətlə artmağa başlamışdır. Bunun məntiqi davamı kimi Azərbaycana daxil olan böyük neft gəlirlərinin toplanmasını və məqsədyönlü şəkildə istifadəsini təmin etmək məqsədi ilə 1999-cu ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə Dövlət Neft Fondu yaradılmışdır. Bununla da neft sərvətlərinin bugünkü və gələcək nəsillər arasında ədalətli bölgüsü, gəlirlərin səmərəli və məqsədyönlü şəkildə idarə edilməsi üçün əsaslı təminat yaradılmışdır.
Tədbir digər çıxışlarla davam etdirilmişdir.
AzərTAc