PDF Oxu

Siyasət

  • 12

Birinci Cənubi Qafqaz Forumunun işinə yekun vuruldu

Birinci Cənubi Qafqaz Forumunun işinə yekun vuruldu

Bu gün Bakıda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə birinci Cənubi Qafqaz Forumunun işinə yekun vurulub. SİA-nın məlumatına görə, forumun iclasının sonuncu günündə ilk müzakirə "Funksiyalara cəmiyyətlər naminə Mədəniyyətlərarası və dinlərarası münasibətlər" və "Şəxsiyyətin plüralizmi" mövzuları ətrafında olub.

İlk paneldə təşkil olunan foruma iclasın moderatoru, tədqiqat fondunun əməkdar sədri Mankombu Sambasivan Swaminatan rəhbərlik edib. O, qonaqları salamlayıb və bugünkü məruzəçiləri təqdim edib.

Tanıtım mərasimindən sonra söz Litvanın sabiq prezidenti Valdas Adamkusa verilib. O, tarix boyu katoliklərə qarşı təzyiqlərdən danışıb. Sabiq prezident Litvada 77 faiz insanın özünü katolik hiss etdiyini, 20 faizin isə sadəcə olaraq ibadət etdiyini deyib. Bu məsələlər ətrafında fikir mübadiləsi aparmaq çox önəmlidir: "Xüsusilə bu regionda ailədaxili problemlər, dini konfliktlər məhz dinin köməyi ilə aradan qaldırılacaq. Qayğı və diqqət nəticəsində heç bir din ailə, təhsil və mədəni faktorlara əngəl ola bilməz. Mən bunun cəmiyyətin ən əhəmiyyətli məsələsi olduğunu bildirmək istəyirəm".

Daha sonra söz alan Uruqvayın sabiq prezidenti Luis Alberto Lakalle və Bolqarıstanın eks-prezidenti Petra Stoyanov mövzu ilə bağlı fikirlərini bildirib. Petra Stoyanov deyib ki, belə forumların təşkil olunması çox vacibdir: "Hər şeydən əvvəl biz öz panelimizdə forumun ən mühüm məsələlərindən birini müzakirə etdik. Bu dialoq ingilis dilində aparıldığından biz bir-birimizi tam aydın başa düşdük. Biz fərqli insanlarıq, fərqli ölkələrə, mədəniyyətlərə, regionlara, ənənələrə və dövlətlərə mənsubuq. Lakin buna baxmayaraq, burda iştirak edən liderlər bir-birlərini çox yaxşı anladı və öz siyasi təcrübələrindən irəli gələn fikir mübadiləsi apardılar. Biz müstəqillik, ümümbəşəri dəyərlər, bu dəyərlərin ayrı-ayrı ölkələrdə nələri özündə ehtiva etməsi ilə bağlı bir sıra məsələləri müzakirə etdik".

Latviyanın keçmiş prezidenti Valdis Zatlers isə dövlət ilə din arasında xüsusi qanunun mövcudluğunun vacibliyindən danışıb.

Sonra digər paneldə "İnsan alveri ilə bağlı fövqəladə sessiya" mövzusunda məsələlər müzakirə olunub. "İnsan Alverinə Dərhal Son" təşkilatının idarə heyətinin üzvü Jan Baderşnayder deyib ki, dünyada il ərzində təqribən 20 faizə yaxın uşaq insan alverinin qurbanı olur və müxtəlif əzablarla qarşılaşır. O insan alverinə qarşı mübarizənin gündəlikdə duran əsas korporativ səbəb kimi qəbul edilməsi ətrafında fikir mübadiləsi aparıb. Bildirib ki, bu məsələ qeyri hökumət təşkilatlarının, beynəlxalq qurumların 10 ildən çoxdur ki, diqqət mərkəzindədir. İnsanlar belə halların baş verməsinin səbəbini düşünürlər. Biz bu problemin qarşısını almaq istiqamətində tədqiqatçılar cəlb etmişik. Hesab edirəm ki, bu məsələdə sosial medianın rolu çox önəmlidir. Hətta ABŞ-da bununla bağlı xüsusi qrup yaradılıb".

Daha sonra Kütləvi İnformasiya Vasitələri (KİV) üçün brifinq keçirilib. Diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimov bildirib ki, forum Azərbaycanın dünyaya tanıdılması üçün çox əhəmiyyətli olub: "Tədbirin keçirilməsi göstərdi ki, Azərbaycanda bütün bütün sahələrdə sürətli inkişaf gedir. Forumda sivilyasiyalararası, mədəniyyətlərarası dialoq, dözümlülük, tolerantlıq məsələləri, qadın hüquqları ətrafında müzakirələr edilib. Azərbaycan bugün dünyada tolerantlıq nümunəsidir və bu səbəbdən də Bakı təsadüfi seçilməyib. Gələcəkdə aparılacaq tədbirlər Bakının mədəniyyət və dialoq mərkəzinə çevrilməsinə xidmət edəcək".

Madrid klubunun prezidenti, Niderlandın sabiq baş naziri Vim Kok isə deyib ki, iki gün davam edən konfrans çərçivəsində dini, mədəni fərqliliklərlə bağlı müzakirələr aparılıb: "Müzakirələrdə əsas məqsəd müxtəlif məsələlərin həllinin birgə çalışmaqla mümkün olduğunu göstərmək idi".

V.Kok əvvəlcə Gəncədə keçirilən genişmiqyaslı konfrans barədə məlumat verərək deyib ki, həmin tədbir qadınların sosial-iqtisadi həyatda rolunun artırılmasına xidmət edib: "Bakıda ilk dəfə olan forum iştirakçıları böyük təəssüratlar əldə edib, təkrar gələnlər isə böyük inkişafın şahidi olublar".

Forumun sonunda Madrid klubu ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanıb. İmzalanma mərasimində N.İbrahimov bildirib ki, protokolda gələcəkdə bu kimi tədbirlərin keçirilməsinə dəstək ifadə olunub. O qeyd edib ki, Azərbaycan dövləti bu cür tədbirlərə öz dəstəyini göstərəcək.

Qeyd edək ki, iki gün davam edən forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunub. Foruma İordaniya kraliçası xanım Nur, BMT Baş Katibinin xüsusi müşaviri Nafis Sadek, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl və bir sıra ölkələrin sabiq prezidentləri ilə yanaşı, ümumilikdə dünyanın 40-dan çox ölkəsindən 200-ə yaxın tanınmış ictimai-siyasi xadim qatılıb.

sia.az

Digər xəbərlər