Bu Forum dünyanın bir çox ölkələrindən nüfuzlu şəxsləri bir araya toplayaraq bir sıra vacib məsələlərin müzakirəsi üçün gözəl imkanlar yaradır.
Bu sözləri Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunda iştirak edən Mavritaniyanın sabiq Prezidenti Kassam Utim AzərTAc-a müsahibəsində demişdir. Forumun əhəmiyyətindən danışan Kassam Utim belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin hazırkı və sabiq prezidentlərinin iştirakını Azərbaycanın regionda və dünyada getdikcə artan nüfuzuna bariz nümunə olduğunu xüsusilə qeyd etmişdir.
Forumda müzakirə olunan məsələlərdən birinin də qadınların cəmiyyətdə yeri mövzusunun olduğunu bildirən Mavritaniyanın sabiq Prezidenti dialoq, müzakirə və debatların Azərbaycan üçün gələcəkdə daha səmərəli, faydalı əməkdaşlığa şərait yarada biləcəyinə əminliyini ifadə edərək demişdir: "Şərqdə ilk demokratik respublika məhz Azərbaycanda qurulmuşdur. Ölkəniz, həmçinin qadınlara səsvermə hüququ verən ilk ölkədir. Düşünürəm ki, bu, müasir islam dövlətləri üçün çox gözəl nümunədir. Qadın hüquqlarının və demokratiyanın islam aləminə heç də yad olmadığını bütün dünyaya bir daha nümayiş etdirir. Azərbaycan Avropaya doğru inamlı addımlarla irəliləyən gənc ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionun ən vacib dövlətlərindən birinə çevrilmişdir".
Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinə toxunan Mavritaniyanın sabiq Prezidenti müasir cəmiyyətimizdə sülh fəlsəfəsinin yayıldığı bir dövrdə regionda belə problemin olmasının bölgəyə mənfi təsir göstərdiyini qeyd etmişdir.
İki tərəf arasında dialoqların aparılmasının əhəmiyyətindən danışan Kassam Utim Avropa İttifaqının və digər beynəlxalq qurumların məsələnin sülh yolu ilə həllinə daha yaxından cəlb olunmasının vacibliyini vurğulamışdır.
AzərTAc