Azərbaycanın İsveçrə ilə əlaqələri inkişaf edir. Bu sözləri Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunda iştirak edən İsveçrə Konfederasiyasının sabiq Prezidenti xanım Mişelin Kalmi-Rey AzərTAc-a müsahibəsində demişdir.
Azərbaycanın iqtisadi inkişafının gündən-günə sürətləndiyini söyləyən Mişelin Kalmi-Rey ölkəmizin İsveçrə Konfederasiyası, eləcə də Avropa İttifaqına daxil olan digər dövlətlərlə əlaqələrinin genişlənməsinin əhəmiyyətindən danışmışdır. Azərbaycan ilə enerji sahəsində əməkdaşlığın ölkəsi üçün önəmindən bəhs edən xanım Mişelin Kalmi-Rey ölkəmizin İsveçrə üçün vacib tərəfdaş olduğunu bildirmişdir.
Mişelin Kalmi-Rey forumun belə yüksək səviyyədə təşkilinə görə Azərbaycanı təbrik edərək demişdir: "İqtisadi böhran şəraitində Azərbaycan regionda, xüsusilə MDB məkanında liderliyini qorumaqdadır. Paytaxt inkişaf edən, cəlbedici şəhərdir. Azərbaycan son 20 ildə mühüm nailiyyətlər əldə etmiş ölkədir. Ölkəniz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfələr vermişdir. Qlobal iqtisadiyyatın inkişafında, hətta dünya iqtisadiyyatının sabitləşməsində önəmli rol oynayır".
İsveçrənin Azərbaycanın bir sıra qurumları ilə uğurlu əlaqələr qurduğunu vurğulayan xanım Mişelin Kalmi-Rey ölkəmizin əməkdaşlığa yönəldilmiş səylərini yüksək qiymətləndirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunan Mişelin Kalmi-Rey yaxın gələcəkdə bu problemin həllinin tapılmasına ümidvar olduğunu bildirmişdir
AzərTAc