"Hər kəsə məlumdur ki, dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətdə olmadığı illərdə Azərbaycanda təcrübəsiz, naşı, siyasi savadsız insanların hakimiyyətdə olmaq istəmələri dövlətimizi kifayət qədər ağır bəlalara düçar edib". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Şuşanın erməni təcavüzkarları tərəfindən işğal olunması ilə bağlı məsələyə münasibətində bildirib.
V.Rəhimzadənin sözlərinə görə, Şuşa və digər rayonlarımızın işğalı da məhz bu cür amillər sayəsində reallığa çevrilib: "Gəlin, etiraf edək ki, ACXP və Müsavat cütlüyünün hakimiyyətdə olması, Əli Kərimli, İsa Qəmbər kimi cılız, dar düşüncəli adamların rəhbər olmaq istəkləri ölkəmizi daima ağır fəsadlara sövq edib. Amma çox şükürlər olsun ki, Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə gəlməsi bütün bu bəlaları Azərbaycandan uzaqlaşdırdı və xalqımız məhv olmaq təhlükəsindən qurtuldu. Azərbaycan bir dövlət kimi, məhz dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyəti illərində dünya birliyində öz nüfuzunu qoruyub saxlaya bildi. Yəni, ölkəmizin bugünkü inkişafı bilavasitə Ulu öndərin adı ilə bağlıdır".
sia.az