PDF Oxu

Siyasət

  • 11

Ulu Öndər, əbədiyaşar Lider

Ulu Öndər, əbədiyaşar Lider

Azərbaycanın müasir tarixinin böyük, həm də şərəfli bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin çoxşaxəli fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz, şərəfli bir hissəsini təşkil edir. İstər keçmiş sovetlər dönəmində təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə çalışdığı, 1969-82-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə, eyni zamanda, keçmiş Sovetlər İttifaqında ali vəzifədə fəaliyyət göstərdiyi illərdə, istərsə də ağrı - acılı müstəqillik illərində müdrik uzaqgörənliyi, böyük idarəçilik qabiliyyəti, təşkilatçılıq bacarığı ilə Ümummilli Liderimiz Azərbaycanı, sözün böyük mənasında, ayağa qaldırıb, qurub - yaradıb, onun sürətli inkişafını təmin edib.

Ötən əsrin axırlarına doğru keçmiş SSRİ məkanında baş verən tarixi proseslər və hadisələr əsası inzibati amirlik metodu üzərində qurulmuş, mərkəzdən planlaşdırılan və idarə edilən sovetlər birliyinin dağılmasını obyektiv zərurətə çevirdi. Həmin dövrdə ictimai-siyasi proseslər üzərində nəzarətin zəifləmə meyilləri, hadisələrin kortəbii şəkildə özbaşına buraxılması iqtisadi və siyasi böhranlarla, milli konfliktlərlə nəticələndi. Mərkəzi hakimiyyətin prosesləri düzgün qiymətləndirməməsinə, hadisələrə birtərəfli yanaşmasına, milli ayrıseçkilik siyasətinin həyata keçirilməsinə öz kəskin etirazını bildirən Ümummilli Liderimiz Heydər Əliyev Mixail Qorbaçov və onun yaxın ətrafını çox narahat edirdi.

Təsadüfi deyil ki, Heydər Əliyev Moskvada bütün vəzifələrdən istefa verdikdən 25 gün sonra Dağlıq Qarabağ böhranı başlandı. Məsələ ilə bağlı mərkəzin Azərbaycana münasibətdə ədalətsiz siyasətinə qarşı respublikada etiraz mitinqləri geniş vüsət aldı. Münaqişənin qarşısını almaq üçün mərkəzin hər cür imkanı olsa da, o, Bakıya qoşun yeridilməsi və günahsız insanların qanının axıdılması yolunu seçdi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə yüzlərlə dinc sakin vəhşiliklə güllələndi. Yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş bu cinayətə cəsarətli şəkildə etirazını bildirdi. SSRİ-nin mövcud olduğu dövrdə bu addımı atmaq çox ağır nəticələrə səbəb ola bilərdi. Ancaq xalqımızın böyük oğlu öz dəyanətini, mərdliyini, cəsarətini bütün dünyaya göstərdi.

Bu zaman kəsiyində Ulu Öndər gözlənilən böyük təhlükələrə əhəmiyyət verməyərək, Moskvadan Bakıya gəldi. Lakin Onun burada yaşamasını o zaman Azərbaycana rəhbərlik edənlər faciə kimi qəbul etdilər. Təqib və təzyiqlərin nəticəsində bir neçə gün keçdikdən sonra Bakıdan Naxçıvan Muxtar Respublikasına gedən Heydər Əliyev naxçıvanlılar tərəfindən böyük sevgi hissi ilə qarşılandı. İmperiya siyasətçiləri tərəfindən ortaya atılmış 1991-ci ilin martın 7-də SSRİ-nin qorunub saxlanması haqqında referendumun keçirilməsi tədbiri Azərbaycanın Ali Sovetində müzakirə olunarkən, respublika rəhbərliyi nəyin bahasına olursa-olsun, Moskvanın bu arzusunu yerinə yetirmək istəyirdi. Xalqının, millətinin müstəqilliyə çatması üçün yaranmış tarixi şəraiti müdrik uzaqgörənliklə qiymətləndirən Heydər Əliyev referendumun keçirilməsinin əleyhinə çıxış etdi və Naxçıvan MR-də referendum keçirilmədi.

Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri kimi uzaqgörən siyasəti sayəsində bölgənin düçar olduğu problemlər aradan qaldırıldı. Qonşu Türkiyə və İranla əlaqələr yaradıldı. Ermənilərin Naxçıvana ardı-arası kəsilməyən hücumlarına cavab olaraq əsası 13 oktyabr 1921-ci ildə imzalanmış Qars müqaviləsinin yenidən siyasi gündəmə gətirilməsi Heydər Əliyevin apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsində mümkün oldu. Müstəsna əhəmiyyətə malik olan bu sənədin məhz bu dövrdə gündəmə gətirilməsi bir çox mətləblərə işarə, çirkin ideyalara isə bir sədd idi.

1993-cü ilin iyun ayında ölkədə vəziyyətin ağır və çıxılmaz olduğu bir vaxtda xalqın təkidli tələb və xahişlərini nəzərə alan Heydər Əliyev Bakıya gəldi. 1993-cü il iyun ayının 15-də parlamentə sədr, elə həmin ilin oktyabrın 3-də isə ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyevin hakimiyyətə qayıdışı sözün əsil mənasında, "Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib öz xalqına sahib çıxması böyük fədakarlıq nümunəsi idi. O, müstəqil Azərbaycanda ölkənin öz xüsusiyyətlərinə uyğun milli demokratik dövlət quruculuğunu müvəffəqiyyətlə həyata keçirdi. Ölkənin və xalqın ən ağır vaxtında hakimiyyətə gəlişi ilə tarixi bir missiyanı, Azərbaycanı, dövlətçiliyi, müstəqilliyi, milli ideologiyanı daxili və xarici düşmənlərin caynağından özünün fitri istedadı, dərin zəkası, qətiyyəti, uzaqgörənliyi ilə qurtardı, konkret olaraq, kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, son damla qanına qədər onunla mübarizə aparacağını bəyan etdi.

Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1993-cü ilin ortalarından başlayaraq Azərbaycanda hakimiyyətin formalaşmasında güc, zorakılıq tətbiq edilməsi kimi təhlükəli meyillərə birdəfəlik son qoyuldu. Ümummilli Liderimiz Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olmasını şərtləndirən bütün amillərdən bacarıqla istifadə etdi. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci ilin martında dövlət çevrilişi cəhdlərinə son qoyuldu, cəbhədə atəşkəsə nail olundu, ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar edildi. Ulu Öndər fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının respublikaya, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişilməsinə nail ola bildi. O, xalqı qardaş qırğınından, vətəndaş müharibəsindən, ölkəni separatçılıqdan və real parçalanma təhlükəsindən, xalq təsərrüfatını dağılmaqdan xilas etdi.

Dövlət quruculuğu sahəsində qanunçuluq, dövlət intizamının möhkəmləndirilməsi, rəhbərlik və idarəçilik mexanizmlərinin, ənənələrinin bərpası, Azərbaycan dövlətçiliyinin təməl prinsiplərinin təsbit olunduğu qanunvericilik bazasının yaradılması və s. ilə nəticələndi.

Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi üçün ciddi konturlar müəyyən olundu və onun həyata keçirilməsi üçün imkan və ehtiyat mənbələri hərəkətə gətirildi. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Qərbin böyük və müasir texnologiya və texnikaya malik olan neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi" gələcəkdə zəngin neft və qaz yataqlarının işlənməsi nəticəsində əldə edilən gəlirlərin dövlətin möhkəmləndirilməsinə, eyni zamanda, iqtisadiyyatın inkişafı və xalqın rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərin əsasını təmin etməsinə hesablanmış bir addım idi.

Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük və məqsədyönlü addımlar atıldı. Azərbaycanın sosial-iqtisadi inkişaf xəttini müəyyən edən irimiqyaslı konsepsiya, strategiya və proqramların qəbulu və onların həyata keçirilməsi ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafında əsaslı rol oynadı. Dahi şəxsiyyətin həyata keçirdiyi taleyüklü tədbirlər respublika əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət etdi.

Bazar iqtisadiyyatı mexanizmini formalaşdırmaq məqsədilə icra və qanunverici hakimiyyət orqanları tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsini nəzərdə tutan normativ-hüquqi aktlar qəbul edildi, müdrik xarici siyasətin nəticəsində beynəlxalq iqtisadi təşkilatlarla sıx əlaqələr yaradıldı, inkişaf etmiş dövlətlərlə qarşılıql faydalı əməkdaşlıq sahəsində mühüm sazişlər imzalandı. Azərbaycan dünyanın mötəbər beynəlxalq təşkilatlarının üzvü seçildi. Eyni zamanda, praktiki olaraq, bütün beynəlxalq iqtisadi və maliyyə institutları ilə, o cümlədən, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və s. təşkilatlarla sıx əməkdaşlıq qurub inkişaf etdirmək üçün məqsədyönlü iş aparıldı.

Respublikada sosial-iqtisadi islahatların sürətləndirilməsi məqsədilə Ümummilli Liderimizin imzası ilə təsdiq olunan Fərman və sərəncamlarda yeni iqtisadi sistemin tələblərinə cavab verə biləcək idarəetmə mexanizmini formalaşdırmaq, konkret iqtisadi məsələlərin həllində səmərəli koordinasiya sistemini yaratmaq əsas məsələ kimi özünün dəqiq və dolğun əksini tapdı.

Dövlət mülkiyyətinin özəlləşdirilməsi, azad sahibkarlığın və şəxsi təşəbbüskarlığın inkişafına şərait yaradılması, torpaq islahatının həyata keçirilərək torpağın xüsusi mülkiyyətə verilməsi iqtisadi islahatların sürətlə həyata keçirilməsinə təkan verdi. Bütövlükdə, ötən illər ərzində həyata keçirilən tədbirlər dövlətimizin iqtisadi qüdrətini artırdı, Azərbaycanı regionun lider dövlətinə çevirdi, müstəqilliyimizi əbədi etdi.

Bu gün Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin davamlı və ardıcıl olması ölkənin iqtisadi inkişafı sahəsindəki uğurlara yeni bir vüsət vermişdir. Artıq ölkəmizin sosial-iqtisadi inkişafında yeni bir mərhələ başlayıb. Həyata keçirilən inkişaf strategiyası dövlətimizin daha da möhkəmləndirilməsinə, xalqımızın həyat səviyyəsinin artırılmasına xidmət edir. Tam əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycan dövlətini qarşıda daha böyük uğurlar, tərəqqi, nailiyyətlər gözləyir.

Mirkazım Kazımlı,

Milli Məclisin deputatı

Digər xəbərlər