PDF Oxu

Siyasət

  • 12

Vətəni sevmək, dövlət naminə fədakarlığa hazır olmaq hər bir gəncin borcudur

Vətəni sevmək, dövlət naminə fədakarlığa hazır olmaq hər bir gəncin borcudur

Səbailli gənclər Daxili Qoşunların Xızıdakı Təlim Mərkəzində olublar

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Səbail rayon icra hakimiyyətində təsdiq olunmuş tədbirlər çərçivəsində rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə birgə Xızı rayonunda yerləşən Daxili Qoşunların Təlim Mərkəzində tədbir keçirilmişdir. Səbail rayon rəhbərliyi və Daxili Qoşunlar Komandanlığının iştirakı ilə keçirilən tədbirdə tələbələr, eləcə də, Bakı Oksford məktəbində təhsil alan şagirdlər, Daxili Qoşunların şəxsi heyətinin nümayəndələri iştirak etmişlər.

Tələbə və şagirdlər, müəllimlər Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov və Daxili İşlər nazirinin müavini, Daxili Qoşunların Komandanı, general-leytenant Zakir Həsənovun iştirakı ilə Daxili Qoşunların istifadəsində olan müasir hərbi texnika, silah və sursatla tanış olublar. Daxili Qoşunların zabitləri qonaqlara silahlardan istifadə qaydalarını, əsgər və zabitlərin müxtəlif hava şəraitləri üçün nəzərdə tutulmuş geyimlərini, xüsusi geyim və qorunma vasitələrini nümayiş etdiriblər. Daxili Qoşunların əsgərləri yeniyetmə və gənclərə iri çaplı silahlardan atəş açma qaydalarını nümayiş etdirmiş, gənclər özləri də kiçik çaplı silahlardan nişangahlara atəş açmışlar. Daha sonra hərbiçilər şərti düşmənin mövqelərinin məhv edilməsi və binada gizlənmiş terrorçuların zərərsizləşdirilməsi təlimini göstərmiş, qonaqlar şərti düşmən mövqelərinin helikopterdən məhv edilməsini izləmişlər.

Tədbir iştirakçıları qarşısında çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı A.Əsgərov Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə ordu quruculuğu işindəki əvəzsiz xidmətlərindən, Ulu Öndərin səyləri nəticəsində hələ sovetlər dönəmində respublikamızda peşəkar hərbiçilərin yetişdirilməsi məqsədi ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasından danışmış, bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Azərbaycan ordusunun möhkəmlənməsi, müasir silah və texnika ilə təminatında görülən işlər barədə məlumat vermiş, bu kimi tədbirlərin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulamışdır.

Daxili İşlər nazirinin müavini, Daxili Qoşunların Komandanı, general-leytenant Zakir Həsənov Azərbaycan ordusunun yaradılmasında Ulu Öndər Heydər Əliyevin böyük və əvəzsiz rolundan danışmış, Daxili Qoşunların inkişafı və bu qoşun növünün müasir silah və texnika ilə təminatı, şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyevin fəaliyyəti barədə məlumat vermişdir. Z.Həsənov çıxışında gənclərə və yeniyetmələrə Vətəni sevməyi, eləcə də, dövlət naminə hər bir fədakarlıqlara hazır olmağı tövsiyə edib.

Sonda tədbir iştirakçıları üçün Təlim Mərkəzində birgə nahar süfrəsi təşkil olunmuş, qonaqlar əsgərlərə verilən müxtəlif çeşidli yeməklərin keyfiyyətini yüksək qiymətləndirmişlər.

Rəfiqə KAMALQIZI

Digər xəbərlər