Cəmisi bir gündən sonra xalqımız öz dəyərli oğlunun, sözün bütün mənalarında onu məhvolma təhlükəsindən qurtarmış xilaskarının anadan olmasının 90 illik yubileyini böyük təntənə ilə qeyd edəcək, uyuduğu Fəxri Xiyabana həmişəkindən daha çox izdiham axışaraq hər kəs ona sonsuz ehtiramını, sarsılmaz məhəbbətini ifadə etməyə tələsəcək. Ulu Öndərin, milli xilaskarın yubiley təntənəsi artıq xeyli müddətdir ki, başlayıb, bütün dövlət və ictimai qurumlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları böyük coşquyla Heydər Əliyevə olan sevgilərini bir daha izhar edir, barəsində sanballı məruzələr oxunur, yaddaqalan məqalələr nəşr edilir.
Bütün bu təşəbbüslərin hamısı öz orijinallığı və rəngarəngliyi ilə seçilsə də təbii ki, Heydər Əliyevin dövlət və millət qarşısındakı xidmətlərini tam miqyasda ifadə etmək iqtidarında deyil. Əlbəttə, bu da başadüşüləndir, çünki onun bu məmləkət qarşısındakı xidmətləri o qədər ölçüyəgəlməzdir ki, onu bir məruzəyə, bir qəzet məqaləsinə sığışdırmaq sadəcə mümkün deyil. Ancaq istənilən halda hər kəs bacardığı qədər ona minnətdarlıq hissini ifadə etməklə azacıq da olsa mənəvi rahatlıq tapmağa çalışır, bizə ərməğan etdiyi bu dövlətin vətəndaşı olmaq sevincini paylaşmağa çalışırlar. O dövləti ki, Ulu Öndər yoxdan yaratdı və heç də təsadüfi deyil ki, o hələ sağlığında "Azərbaycan" adlı məmləkətin qurucusu və memarı kimi adını şanlı tariximizə qızıl hərflərlə yazdırmağı bacardı.
Bu gün hər birimiz qarışıq hislər içərisindəyik. Bir tərəfdən Milli Xilaskarımızın 90 illik yubileyini sevinc və iftixarla qeyd ediriksə, digər tərəfdən onun fiziki yoxluğunun 10 ilini böyük hüzn və nisgillə xatırlayırıq. Ancaq dövlətimizin mövcud çiçəklənən durumunu və onun dinamik inkişafını, dünyaya Ulu Öndərin vaxtilə söylədiyi kimi bir günəştək doğduğunu gördükcə nisgil bir anlıq yerini qürur və minnətdarlıq hissinə verir, rahat nəfəs alırıq. Halbuki bir millət və dövlət olaraq bizi tarixin səhnəsindən silmək, nəfəsimizi kəsmək üçün düz 20 il öncə - 1993 – cü ilin may – iyun aylarında daxili və xarici düşmənlərimiz bütün gücünü ortaya qoymuşdu. İnsanların gələcəyə ümidi qalmamış, hamılıqla çarəsizlik girdabına yuvarlanmışdıq. Elə təsəvvür yaranmışdı ki, artıq tarix sanki millətimizdən ikinci dəfə qisas alır və ötən əsrin əvvəllərində cəmisi 23 aylıq duruş gətirə bilmiş cümhuriyyətimizin acınacaqlı aqibətini təkrar yaşamağa məhkum edilmişik. Ancaq çox şükürlər ki, bu dəfə yanılmışdıq. Uca Yaradan bizi bir millət kimi tarixin toz basmış qaranlıqlarına yuvarlanmağa qıymadığını Heydər Əliyevi göndərməklə isbatlamış oldu. Bu baxımdan o dövrün dərin ictimai – siyasi, hərbi böhranını saf – çürük etməklə heç bir tərəddüd etmədən belə qənaətə gəlmək olar ki, Heydər Əliyev Tanrının bu məmləkətə əvəzsiz hədiyyəsidir. Məhz 15 iyundan sonra onun ikinci dəfə hakimiyyət olimpini fəth etməsindən sonra millət iflasdan xilas oldu, xəyal qırıqlığından və inamsızlıq girdabından qurtulmağa başladı. Bəli, biz hakimiyyət uğrunda yersiz çəkişmələrin, saray çevrilişlərinin acı meyvələrindən, qarı düşmənimizlə ağır hərbi əməliyyatların gətirdiyi humanitar böhrandan qurtulmuşduq. Ancaq hələ qarşıda uzun və yorucu mübarizə dönəmi vardı və Heydər Əliyevdən öz parlaq keçmişinə arxalanaraq dövlətimizin suverenliyini təhdid edən çoxsaylı problemləri bir – birinin ardınca böyük bir diplomatik çevikliklə, dövlətçilik məharətiylə dəf etmək üçün xeyli enerji sərf etmək, illər xərcləmək tələb olunurdu. O isə heç bir tərəddüd etmədən, şirin canına qıymaq bahasına olsa da min bir zəhmətlə qurduğu dövləti yaşatmaq, gücləndirmək, əbədi, sarsılmaz, daimi etmək üçün lazım olan bütün fədakarlıqları etdi, memarı olduğu müstəqil Azərbaycanı bu günümüzədək daşımağın möhkəm təməllərini yaratdı. Bu gün biz həmin təməllər üzərində inamla addımlayan müstəqil Azərbaycan dövlətinin uğurlarıyla öyünürük və bizə bu haqqı Uca Yaradanın göndərdiyi xilaskarın verdiyini də unutmuruq. Eyni zamanda onu da xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyevdən estafeti alan İlham Əliyev də 10 illik prezidentlik fəaliyyətiylə layiqli davamçı, istedadlı dövlət xadimi, bacarıqlı diplomat olduğunu ortaya qoymaqla sevincimizi birə beş artırıb, dövlətimizin dünya durduqca ayaqda olacağına inamımızı qətiləşdirib. Doğrudan da Heydər Əliyevin millət və dövlət qarşısındakı xidmətləri sadalanarkən onun gərgin iş qrafikinə baxmayaraq paralel olaraq layiqli davamçı hazırlayıb yetişdirməsi də xüsusi olaraq qeyd edilməlidir. Bu baxımdan Milli Xilaskarın vətən qarşısındakı bir misilsiz xidməti də bizlərə ərməğan etdiyi suveren dövləti əmin əllərə təhvil verməsidir. Möhtərəm prezidentimiz İlham Əliyev öz fəaliyyətiylə Heydər Əliyev ideyalarının həyata keçməsi, vəsiyyətlərinin reallaşması üçün əlindən gələni əsirgəməməklə ona etibar edilmiş missiyanı ləyaqətlə həyata keçirmək iqtidarında olduğunu sübut etməkdədir. Heç də təsadüfi deyil ki, 2003- cü ilin avqustun 4 - də baş nazirliyə namizədliyini irəli sürərkən Milli Məclisə göndərdiyi müraciətdə Ulu Öndər İlham Əliyevə özü qədər inandığını qeyd etmişdi. Geridə qoyduğumuz 10 il onun zərrə qədər də yanılmadığının isbatı kimi qəbul edilməlidir. Bəli, heç zaman yanılmırdı və qəbul etdiyi qərarların doğruluğunu bir zərgər dəqiqliyiylə ölçüb – biçməyi bacarırdı. Heydər Əliyevdə dövlətçilik təcrübəsi o qədər zəngin idi ki, İlham Əliyevin onun yarımçıq qalmış işlərini inamla başa çatdıracağına şübhə etmirdi, onun da bacarıqlı dövlət xadimi kimi yetişdiyini görürdü.
Təbii ki, Heydər Əliyev yolunun hələ uzun illər boyu bu məmləkəti ziddiyyətli təlatümlərdən, çıxılmaz dalanlardan xilas etməsi üçün atılan, eyni zamanda atılacaq addımlardan bəhs edərkən onun adını daşıyan fondun son 8 ildə gördüyü irimiqyaslı işləri xatırlamamaq mümkün deyil. Məhz 2005 – ci ildə Azərbaycanın birinci xanımı, millət vəkili, UNESKO və İSESKO – nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə ərsəyə gəlmiş "Heydər Əliyev Fondu" ötən müddət ərzində "Xalq - Heydər, Heydər – Xalq" vəhdətinin sarsılmazlığını əməli fəaliyyətiylə ortaya qoydu, kimsəsizlərin dayağı, ümidsizlərin ümidgahı oldu. Əslində Mehriban xanım Əliyevanın bu sahədəki genişmiqyaslı fəaliyyəti də Heydər Əliyev ideyalarından güc alır və onun fiziki yoxluğunu unutdurmağa xidmət edir. Bu cür humanitar layihələr gerçəkləşdikcə insanlar İlk növbədə Heydər Əliyevi sonsuz mərhəmət və ehtiram hissiylə yad edirlər, onun parlaq obrazı gözlər önündə canlanır.
Azərbaycan xalqı çox qədirbilən və ənənələrə sadiq xalqdır. Buna görə də mən tam əminəm və heç şübhə etmirəm ki, bu millət Heydər Əliyevin onun xilası naminə canı bahasına göstərdiyi misilsiz xidmətləri, saysız – hesabsız fədakarlıqları unutmayacaq. Əslində bunları unutmaq da mümkün deyil və ta qədimdən millətimiz onun yolunda cəfakeşlik etmiş insanların qədrini, qiymətini bilib. Odur ki, mən çox nikbinəm və hesab edirəm ki, neçə ki, Azərbaycan xalqı, müstəqil Azərbaycan dövləti və dalğalanan üçrəngli ay ulduzlu bayrağımız var, Heydər Əliyevin də adı dillərdə, könüllərdə, hər addımda qoyub getdiyi xeyirxah əməllərdə qalacaq, rəhmətlə xatırlanacaq.
Cavid Qurbanov
Milli Məclisin deputatı
yap.org.az