Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə "Qurtuluş dastanı" adlı tamaşanın premyerası keçirildi
Akademik Milli Dram Teatrında Binəqədi rayon icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının ifasında şair-dramaturq İftixarın "Qurtuluş dastanı" adlı tamaşasının premyerası keçirildi. Təqdimat mərasimində millət vəkilləri Madar Musayev, Rafael Cəbrayılov, rayon icra hakimiyyətinin nümayəndələri, rayon idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
"Qurtuluş dastanı" ikihissəli epik, tarixi dramı bütün ömrünü xalqına həsr etmiş, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını yaratmış Heydər Əliyevin ömür yolundan, siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edirdi.
Tamaşada Kremlin canlandırılması və Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovla o zaman Siyasi Büroda çalışan Heydər Əliyevin qarşılaşdığı səhnədəki maraqlı mühakimələri tamaşaçının diqqətini cəlb edir: "Mən ömrüm boyu xalqıma sədaqətlə xidmət etmişəm. Azərbaycan mənim şah damarımdır" - deyərək, Heydər Əliyev rus imperiyasının buxovlarına qarşı öz iradəsini və qətiyyətini ortaya qoyur, Vətənə olan sevgisini ifadə edir. M.Qorbaçov "mənim ağıllı adamlara ehtiyacım yoxdur, istefa verin, yoxsa Sizi acınacaqlı aqibət gözləyir" deyərək, Ulu Öndərin istefa verməsini təkid edir, vəzifədən uzaqlaşdırılmasına cəhd göstərir. Uzaqgörən siyasətçi Ulu Öndər Azərbaycanın çətin, ağır vəziyyətində xalqın yanında olmağa qərar verir.
Kremldə baş verən olaylar Heydər Əliyev rolunun ifaçısı İftixar Piriyevin, eləcə də, Qorbaçovun obrazını canlandıran Əjdər Zeynalın ifasında, dolğun, təbii, inandırıcı, dramatik şəkildə bədii həllini tapmışdır. Səhnədə ictimai-siyasi hadisələrin ardıcıllıqla təqdimi əsasında Qarabağda baş verən olaylar, Heydər Əliyevin Moskvadan qərəzli şəkildə uzaqlaşdırılması, Topxana meşəsindəki məlum hadisələr, Azərbaycanda etiraz mitinqlərinin dalğalanması və s. məqamlar maraqlı süjet üzərində təqdim olunur. Kütləvi səhnələrdə 20 Yanvar faciəsinin törədilməsi, şəhidlərin dəfni, "Qorbaçova ölüm", "Qorbaçova lənət", "Kommunistlərə ölüm" kimi şüarların səsləndirilməsi tamaşada hadisələrin kəskinləşməsindən və kuliminasiya nöqtəsinə çatdırılmasından xəbər verir. Heydər Əliyevin Azərbaycana qayıdışı zamanı ona qarşı təxribatın törədilmə cəhdləri, Onun Şəhidlər Xiyabanını ziyarət etməsi artıq Azərbaycanın düşdüyü vəziyyətin kiçik bir mənzərəsinin təsviri idi. Belə bir zaman Ulu Öndərin müdrik siyasətinə Azərbaycanın böyük ehtiyacı olduğundan xəbər verir. Dərin düşüncələr, xəyallar içərisində qayğılı şəkildə görünən Heydər Əliyevin xəyalən, qeybdən eşidilən ata və anasının səsləri, arxasında duraraq tövsiyyələr verməsi Ulu Öndərin çətin məqamında təsəlli, ümidi olur. Çətin ictimai-siyasi şəraitdə Ulu Öndərin gənclik və müdriklik dövrünün səhnədə bir-biri ilə görüşməsi, gənc Heydər Əliyevin dünya görmüş siyasətçiyə, müdrikləşmiş Heydər Əliyevə əlində tutduğu çırağı verməsi Ümummilli Liderin gələcək həyatına açılan nurun təzahürüdür. Zaman yetişir, bu işığın ətrafına milyonlarla insan toplaşır.
Səhnədə canlandırılan Ulu Öndərin Naxçıvan həyatı və burada Onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi missiyasını bir daha təsdiqləyir. O "Naxçıvan Muxtar Respublikası Ali Məclisi qərara alır ki, Azərbaycan Dövlət Respublikasının üçrəngli bayrağı Naxçıvan Dövlət Respublikasının Dövlət bayrağı kimi qəbul olunur" fikrini söyləməklə, Azərbaycanın işıqlı gələcəyinə doğru inamlı addımlar atır. Rejissor Heydər Əliyevin keçdiyi yolu və fəaliyyətini ardıcıl şəkildə təqdim etməklə Azərbaycan dövlətinin qurucusu və memarı olan Heydər Əliyevin müstəqilliyimizin təməlinin möhkəmləndirilməsini, ölkənin qısa zamanda anarxiyadan, iqtisadi böhrandan tərəqqiyə doğru irəliləməsini bədiiləşmiş şəkildə canlandırmışdır. Mimika və jestlər, eləcə də, aydın diksiya, natiqliyi ilə tamaşaçının diqqətini maraqlı obraz üzərində cəmləşdirən İftiyar Piriyev bütün tamaşa boyu səsinin ahəngini qoruyub saxlayaraq, Ulu Öndərin məxsusi cizgilərini səsindəki qətiyyəti ifadə etməklə,aktyorluq imanlarına malik olduğunu göstərə bildi. Təbii ki, belə bir obrazı yaratmaq aktyordan böyük ustalıq tələb edir. Onu da vurğulayaq ki, hər bir aktyora siyasi xadim, xüsusilə də, belə Xilaskar Obrazını yaratmaq nəsib olmur. Tamaşada Ulu Öndərin hakimiyyətə qayıdışından sonra gördüyü işlər, mədəniyyətə, sənətə olan diqqəti maraqlı epizodla yaradıcı kollektiv tərəfindən obrazlaşdırılmış şəkildə ifadə olunur. Heydər Əliyevin mədəniyyətə olan diqqət və qayğısını bir daha Onun İrəvan Dövlət Dram Teatrına tamaşa gəldiyi zaman şahidi oluruq. Ümummilli Lider səhnədə vətənpərvərlik mövzusunda oynanılan tamaşaya baxmağa gəlir. Heydər Əliyev teatra təkcə estetik zövq almağa deyil, sənət adamlarının problemləri və sənətin inkişafı ilə maraqlanır. Tamaşadan sonra ənənəvi olaraq yaradıcı heyət ilə görüşən Heydər Əliyev onları təbrik edir və bu teatrın rolundan söz açır.
"Qurtuluş dastanı"nın sonunda "Həyatımın məqsədi Azərbaycandır, Azərbaycan vətəndaşıdır. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Azərbaycanlıyam" deyən Ulu Öndərin Azərbaycan poeziyasında ən çox sevdiyi "Azərbaycan" şeirindən bir parça ifa etməsi tamaşanın orijinallığına daha bir ştrix əlavə etdi. O, Azərbaycanın taleyüklü məsələlərini özü qədər inandığı İlham Əliyevin sona çatdıracağını xalqı qarşısında bildirir. Bugünkü gerçəkliklər Onun etimadını və seçimini doğrultdu, Azərbaycan iqtisadi uğurları ilə inkişaf etmiş dövlətlər sırasındadır.
Onun keçdiyi şərəfli, təlatümlü ömür yolunun müəyyən məqamları ikihissəli tamaşada ümumiləşdirilmiş şəkildə yaradıcı kollektiv tərəfindən həllini tapdı. Tamaşaçılar tərəfindən anşlaqla qarşılanan tamaşa səhnə uğurunu beləcə, yaşadı.
"Qurtuluş dastanı" Heydər Əliyevin müdrik siyasətini dəstəkləyən Azərbaycan xalqının daim Onun ətrafında birləşib, Böyük Siyasətçiyə olan ehtiram və məhəbbətini bir daha təsdiqlədi.
Zümrüd BAYRAMOVA